Azərbaycanda Ermənistan mənşəli məhsulların satılması ilə bağlı məsələyə rəsmi aydınlıq gətirildi
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanda Ermənistan mənşəli məhsulların satılması ilə bağlı məsələyə aydınlıq gətirib.
DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son zamanlar bir sıra mətbu orqanlarda Azərbaycanın daxili bazarında guya Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız informasiyalar yayılıb.
Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq, ölkəmizə idxal olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən kartof məmulatlarının mənşə, fitosanitar, gigiyenik sertifikatları və digər zəruri sənədləri gömrük orqanlarına təqdim olunur. Bu sənədlər ciddi şəkildə yoxlanıldıqdan sonra malın ölkə ərazisinə idxalına icazə verilir. Yuxarıda sadalanan sənədlərdə şübhə doğuran məqamlar olarsa, gömrük orqanları tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Komitə rəsmi olaraq bir daha ictimaiyyətin nəzərinə çatdırır ki, Azərbaycanın daxili bazarında Ermənistan mənşəli kartof məhsullarının satılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur və həqiqətəuyğun deyil.
Trend.az