Azərbaycanda bəzi bələdiyyələr ləğv edilir, yeniləri yaradılır
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclasın gündəliyində 2 məsələnin – “Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinin və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər haqqında layihəsinin müzakirəsi yer alıb.
Qanun layihələri barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün iki şərt var: “Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa, insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı çox idi”.
Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdi: “Sonradan bu qənaətə gəlindi ki, kiçik bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də 2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı 1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir”.
A.Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin verilməsində müəyyən problemlər mövcuddur: “Bu, əsasən Bakıda böyük problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə əmlakının ayrılmasında çətinliyin olmasıdır”.
Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2, Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6, Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə birləşdirilib.
Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar iclasına tövsiyə olunub.
Trend.az