Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Posted by

Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblərAzərbaycan və Böyük Britaniyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq ilə görüşmüşdür.
Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında ilk növbədə tərəflər arasında BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İkitərəfli əməkdaşlıq məsələlərinin geniş şəkildə müzakirə edildiyi görüş zamanı qarşılıqlı şəkildə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün əlverişli perspektivlərin olduğu vurğulanmışdır.

Yüksək iqtisadi nailiyyətlər əldə etmiş Azərbaycanın 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi edəcəyi münasibətilə təbrik edən nazir Uilyam Heyq, ölkəsinin Londonda keçirilmiş yay olimpiya oyunlarını uğurla təşkil etdiyini və bu sahədə Böyük Britaniyanın öz təcrübəsini Azərbaycan ilə bölüşməkdən məmnun olacağını diqqətə çatdırmışdır.

Azərbaycanın enerji məsələlərində rolunun yüksək qiymətləndirildiyini deyən nazir Heyq, NATO çərçivəsində əməkdaşlığa və Əfqanıstanda həyata keçirilən əməliyyatlara verdiyi töhfələrinə və dəstəyinə görə Azərbaycana təşəkkürünü ifadə etmişdir.

Nazir Məmmədyarov Azərbaycanın Birləşmiş Krallıq ilə enerji sahəsində əməkdaşlığının uğurla həyata keçirildiyini qeyd edərək, sərmayələr, turizm, təhsil kimi digər sahələrdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi haqqında məlumat verən nazir Məmmədyarov, bu münaqişənin həlli üçün ilk olaraq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrinin çıxarılmasının zəruri olduğunu vurğulamış və hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə fəaliyyətə başlamağın gərəkli olduğunu bildirmişdir.

Uilyam Heyq ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini bildirərək, ölkəsinin Ermənistan-Azərbaycan münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun və həmsədrlərin fəaliyyətini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirmişdir.