Azərbaycan ərazisində arxeoloji qazıntıların aparılmasına icazə verən və icazəni qeydə alan dövlət orqanları müəyyənləşib
Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, qaydaya əsasən Azərbaycan ərazisində arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən verilir və Mədəniyyət və Turizm Nazirliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır.
Arxeoloji qazıntı işləri Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti ilə aparılır. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır. Tarix–mədəniyyət qoruqlarının ərazisində aşkar edilən materiallar qoruqların fonduna təhvil verilir. Bu qaydanın məqsədləri üçün şəxs dedikdə, Azərbaycan vətəndaşları, əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxslər, Azərbaycan və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür.
Azərbaycan ərazisində arxeoloji qazıntıları aparan şəxs AMEA-ya və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qazıntı işləri tamamlandıqdan sonra 30 gün müddətində aparılmış tədqiqat işləri barədə hesabat verir. Azərbaycan ərazisində arxeoloji qazıntılar aparan şəxs tərəfindən təqdim edilən hesabatda AMEA tərəfindən verilmiş icazə, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı, ekspedisiya təşkil olunduqda, onun rəhbəri, tərkibi və bu məqsədlə ayrılan maliyyə vəsaiti, qazıntı işləri aparılan abidənin ərazisi, qazıntı işləri zamanı tətbiq edilən vasitələr, qazıntı və ya tədqiqat üsulları, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının coğrafi koordinatları, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş abidə, əşya və ya başqa tapıntının müəyyən edildiyi anda yerləşmə vəziyyəti və təsviri, qazıntı işləri zamanı və işlər başa çatdıqdan sonra arxeoloji tapıntıların mühafizəsi və bu zaman onların mövcud vəziyyətdə qorunması və istifadəsi üçün görülmüş müvafiq tədbirlər, qazıntı işlərini aparan (yerinə yetirən) fiziki və ya hüquqi şəxslər, arxeoloji tədqiqatlar gedişində axtarışların aparılması üçün istifadə olunan texniki vasitələr öz əksini tapmalıdır. Hesabatla birlikdə qazıntı işləri aparılan ərazinin, aşkar olunan əşyaların və onların aşkar olunan zaman vəziyyətinin fotoşəkilləri , şəxslərin ixtisasını təsdiq edən sənədin surəti, avadanlıqların fotoşəkilləri və texniki göstəricilərini müəyyən edən sənəd, arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən verilən hesabat AMEA-ya və Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təqdim edilməlidir.
AMEA və Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3 iş günü müddətində təqdim edilən hesabatın göstərilən tələblərə uyğunluğunu yoxlayır. Təqdim edilmiş hesabatda çatışmazlıqlar aşkar edildikdə, bu barədə şəxsə dərhal məlumat verilir. Müvafiq məlumatın verildiyi gündən 5 gün müddətində çatışmazlıqlar aradan qaldırılmalıdır. Müəyyən olunmuş müddətlərdə hesabat təqdim edilmədikdə və ya təqdim edilmiş hesabatda qəsdən yanlış məlumatlar göstərildikdə, şəxs barədə “Mədəniyyət haqqında” qanuna uyğun müvafiq tədbirlər görülür.
Apa.az