Azərbaycan parlamentində fiziki imkanları məhdud gənclərlə bağlı beynəlxalq konfrans keçirilir
Bu gün Azərbaycan Milli Məclisində fiziki imkanları məhdud gənclərlə bağlı “Şərq nağılı” adlı beynəlxalq konfrans keçirilir.
APA-nın məlumatına görə, konfransı açıq elan edən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, konfrans Azərbaycanda start verilən eyni adlı festival çərçivəsində keçirilir.
O qeyd edib ki, “Şərq nağılı” festivalına 10 ölkənin 200 nümayəndəsi iştirak edir.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərlə bağlı həyata keçirilən layihələrdən bəhs edərək bildirib ki, bunlar eyni zamanda əlil gənclərə də aiddir.
Konfransda əlil insanların fəaliyyəti ilə bağlı yeni imkanlar, onların hüquqlarının qorunması ilə bağlı yeniliklər və sair məsələlər müzakirə olunacaq.
Tədbirdə Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti Necdet Öztürk, Rusiya Dövlət Dumasının Elm və təhsil komitəsinin sədr müavini Oleq Smolin, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Rusiya Korlar Cəmiyyətinin sədri, azərbaycanlı deputatlar və QHT nümayəndələri iştirak edirlər.