Azərbaycan MN: Müharibə bitməyənə qədər snayperləri cəbhə xəttindən geri çəkməyəcəyik

Posted by

Azərbaycan MN: Müharibə bitməyənə qədər snayperləri cəbhə xəttindən geri çəkməyəcəyik

Azərbaycan MN: Müharibə bitməyənə qədər snayperləri cəbhə xəttindən geri çəkməyəcəyikAzərbaycan MN: Müharibə bitməyənə qədər snayperləri cəbhə xəttindən geri çəkməyəcəyik

Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ölkə ziyalıları, millət vəkilləri, ictimaiyyət nümayəndələrindən ibarət nümayəndə heyəti bu gün cəbhənin Tərtər istiqamətində yerləşən hərbi hissədə olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyətində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkilləri Hadı Rəcəbli, Aydın Mirzəzadə, xalq artistləri Amaliya Pənahova, Nurəddin Mehdixanlı və digər şəxslər təmsil olunub.

Hərbi hissədə əsgərlərlə görüşən nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu istiqamətdə olub.

Daha sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu brifinq keçirib. Azərbaycan Ordusunun inkişafından danışan E. Sabiroğlu bu prosesin bu gün də davam etdiyini vurğulayıb.

Hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması yönündə atılan addımları qeyd edən nazirlik sözçüsü bunun davamlı proses olduğunu, bu yöndə daha bir addım atılacağının gözləndiyini deyib.

O, həmçinin Azərbaycanın hazırda 20-dən çox ölkə ilə hərbi əməkdaşlıq məsələləri barədə müzakirələr apardığını da vurğulayıb.

E. Sabiroğlu əsgər ölümləri barədə suallara cavabında Müdafiə Nazirliyinin həlak olan hərbçilərlə bağlı məlumatları gizlətmədiyini, faktları təhrif etmədiyini, bütün məlumatların ictimaiyyətə dürüst şəkildə təqdim olunduğunu deyib.

Cəbhə xəttində baş verən atışmalarda Ermənistanın Azərbaycandan 2 dəfə çox itki verdiyini vurğulayan mətbuat xidmətinin rəisi, düşmən ölkənin ordusunda olan vəziyyət barədə də danışıb: “Ermənistan QHT-lərinin yaydıqları məlumatlara görə, əsgər anaları həftədə bir dəfə öz övladlarına azuqə aparırlar”.

E. Sabiroğlu beynəlxalq təşkilatların cəbhə xəttindən snayperlərin geri çəkilməsi barədə tələblərinə də münasibət bildirib: “Azərbaycan, Müdafiə Nazirliyi bundan imtina edir. Müharibə bitməyincə snayperlər geri çəkməyəcəyik”.