Azərbaycan ilə Serbiya arasında əlaqələrin müxtəlif aspektləri müzakirə olunub
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun bu ölkənin Baş naziri Aleksandar Vuçiç ilə keçirdiyi görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin müxtəlif aspektləri müzakirə olunub.
Aleksandar Vuçiç Serbiyada mühüm layihələr həyata keçirən Azərbaycan şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu fəaliyyətin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Serbiyanın Baş nazirini Azərbaycana səfərə dəvət edən Eldar Həsənov bu ölkənin Balkan regionunda sülhün və sabitliyin təmin edilməsində önəmli aktor olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan şirkətlərinin Serbiyada yeni infrastruktur layihələrinə cəlb olunmasının, kənd təsərrüfatı və digər sahələrdə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Hər iki ölkə şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsinin razılaşdırıldığı görüşdə 2015-ci ilin yanvarından etibarən Serbiyanın ATƏT-ə sədrliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzərTac.az