Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir

Posted by

Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir

Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Uilyam Heyq “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik etmişdir. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu qeyd etmişdir.