Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əlaqələrin genişlənməsinə təkan verəcək səfər

Posted by

Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əlaqələrin genişlənməsinə təkan verəcək səfər

Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əlaqələrin genişlənməsinə təkan verəcək səfər

Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əlaqələrin genişlənməsinə təkan verəcək səfər

Ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikasının Gəlirlər üzrə Federal Agentliyi katibinin müavini, gömrük xidmətinin rəisi Emani Çekkukki mayın 19-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

Dövlət Gömrük Komitəsində keçirilən görüşdə ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hüquq-müqavilə bazasının yaradılması və qarşılıqlı səfərlərin həyata keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə çıxış edən komitənin sədri Aydın Əliyev Azərbaycanın gömrük sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş və bir sıra konkret təşəbbüslər irəli sürmüşdür. Bildirilmişdir ki, Azərbaycan ilə Braziliya arasında gömrük sahəsində əməkdaşlıq üçün böyük potensial vardır.

E.Çekkukki də öz növbəsində ölkəsinin Azərbaycan ilə gömrük sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Braziliyalı qonaq Azərbaycana səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.

 

AzərTac.az