Azərbaycan Amerika Alyansı növbəti dəfə Xocalı tanıtım kampaniyasına imza atıb
Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə ABŞ-da hər il «Xocalı. Azərbaycana qarşı bəşər faciəsi» şüarı altında keçirilən tanıtım kampaniyası bu il də qarşısına qoyduğu məqsədə çatmağa müvəffəq olub.
«Alyans yarandığı ildən etibarən hər il ABŞ-da Xocalı soyqırımı ilə bağlı tanıtım kampaniyası keçirir. Hər dəfə biz bu faciənin insanlara daha geniş, daha operativ, daha məzmunlu şəkildə tanıdılmasına çalışırıq, bunun üçün müxtəlif üsullar fikirləşirik. Sözsüz ki, ABŞ kimi nəhəng, rəngarəng, həm siyasi, həm coğrafi baxımdan mühüm ölkədə belə bir aksiyanın keçirilməsi həqiqətin olduğu kimi tanıdılması üçün son dərəcə əhəmiyyətli və effektivdir. Sorğular, baxış sayları və statistika onu göstərir ki, Alyansın həyata keçirdiyi kampaniya amerikalıların diqqətini cəlb edə bilib. Ən azı onlar 22 il bundan öncə Azərbaycana, Xocalının dinc sakinlərinə qarşı edilmiş amansızlıqlardan və baş vermiş bəşəri cinayətdən xəbər tuta bilirlər. Hesab edirəm ki, həyata keçirdiyimiz kampaniya Xocalı soyqırımının dünya miqyasında tanınmasına və qətliamın əsl miqyasının ölçülərək ədalətli qərar verilməsinə kömək edəcək. Bu məqsədlə biz bu il həm də müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə bir çarx da çəkdik. Onların bir neçə dildə Xocalı soyqırımına, bu faciəyə olan münasibətini lentə aldıq. Zənnimcə, bütün dünya azərbaycanlılarının paylaşmalı, geniş yaymalı olduğu bir çarxdır. Tarixi həqiqətləri olduğu kimi çatdırmaq üçün hər birimiz çalışmalıyıq», – deyə Alyansın təsisçisi A.Məmmədov bildirib.
Qeyd edək ki, sözügedən çarx ABŞ-da lentə alınıb. Müxtəlif xalqların, irqlərin nümayəndələri könüllü olaraq bu çarxda rol almaq istədiklərini bildiriblər. Fərqli sahələrdə çalışan bu insanlar hərəsi öz ana dilində Xocalı faciəsinin hüznünə şərik olduqlarını ifadə ediblər.
AAA-nın kampaniyasının gedişi ilə təşkilatın saytında www.azerbaijanamericaalliance.org və ya bu link www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 vasitəsi ilə tanış olmaq mümkündür.
Apa.az