Azərbaycan AŞ PA-nın payız sesiyasında Dağlıq Qarabağ məsələsini qaldıracaq
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasının (AŞ PA) payız sesiyasında Dağlıq Qarabağ məsələsini qaldıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, bu sessiyada müxtəlif məsələlər müzakirə olunacaq və müxtəlif ölkələrdən qonaqlar da gələcək: “Bu sessiya Azərbaycanda prezident seçkiləri ərəfəsində keçirilir. Ona görə də Azərbaycan nümayəndə heyəti üçün həm sessiyada, həm də Azərbaycanda prezident seçkilərində iştirak etmək o qədər də asan deyil, ancaq nümayəndə heyəti sessiyada iştirak edəcək, öz mövqeyini açıq bildirəcək”.
S.Seyidov qeyd edib ki, Avropa Şurasına rəhbərlik Ermənistanda olduğu üçün bu sessiyada Ermənistanın prezidenti, xarici işlər naziri və digərləri iştirak edəcəklər: “Biz öz mövqeyimizi həmişə olduğu kimi mütləq nümayiş etdirəcəyik və lazım olan məsələləri qaldıracağıq. Lazım olan məsələlər içərisində də ən öndə olanı Dağlıq Qarabağ məsələsidir”.