Avropa Parlamentində Azərbaycanla bağlı hesabat təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində “Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi” adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iyunun 23-də Brüsseldə keçirilən mərasimdə Avropa Parlamentinin üzvləri Culi Vord, Tüne Kelam, Boris Zala və Qiorqiy Hölvenyi, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Komissiyasının təmsilçiləri Marqit Palm, Aleksandra Kulmer, Malte Siman, təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəsmiləri, QHT və media nümayəndələri, tədqiqatçılar və digər şəxslər iştirak edib.
80 səhifəlik hesabat müəlliflərinin qənaətinə görə, Azərbaycanın dünyəvilik prinsipinə söykənməsi müxtəlif dini icmaların sülh şəklində bərabər yaşamasına şərait yaradır. Mümkün dini radikallaşma təhlükəsinin qarşısının alınması üçün Azərbaycan dövləti daim hüquqi islahatlar həyata keçirir.
Eyni zamanda hesabatda qeyd olunur ki, mürəkkəb geosiyasi regionda yerləşən ölkə kimi Azərbaycan üçün dini radikallaşma təhlükəsi həmişə mövcuddur. Bunun əsas səbəbi isə bir sıra regional güclərin Azərbaycandakı multikultral mühiti, stabilliyi pozmaq üçün “insan hüquqları müdafiəsi” adı altında müəyyən qrupları dəstəkləməyə çalışmasıdır. Tədqiqatın işinin həm Azərbaycan, həm də Qərbin siyasi dairələri üçün mövzu ilə bağlı təkliflər əksini tapıb.
Təqdimat mərasiminin sonunda hesabat ətrafında fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran suallara cavab veriblər.
Trend.az