Astanada keçirilən beynəlxalq konfransda Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışılmışdır
AzərTac xəbər verir ki, Qazaxıstan Prezidenti yanında Qadınlar və Ailə-Demoqrafik Siyasəti üzrə Milli Komissiya, Soros-Qazaxıstan, Fridrik Ebert fondları, Asiya İnkişaf Bankı və digər təşkilatların dəstəyi və bu ölkədə fəaliyyət göstərən Qadınların Yaradıcılıq Təşəbbüsü Liqasının təşkilatçılığı ilə Astanada “Mərkəzi Asiya və Qafqazda yeniyetmə qızlara qarşı zorakılığın, erkən və məcburi nikahların qarşısının alınması” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.
Tədbirdə Qazaxıstandan, Azərbaycandan, Qırğızıstandan, Pakistandan, Gürcüstandan, Türkmənistandan ekspertlər, hökumət və qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələri, ekspertlər iştirak etmişlər.
Konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Qadınların Yaradıcılıq Təşəbbüsü Liqasının sədri Asiya Xayrulina konfransda çıxış edərək demişdir ki, tədqiqatlara görə Mərkəzi Asiyada və Qafqazda erkən və məcburi nikahla bağlı problem aktual olaraq qalır.
Hicran Hüseynova “Azərbaycanda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizədə dövlət siyasətinin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, cəmiyyətdə zorakılıq hallarına, erkən nikahlara qarşı mübarizə, insanların hüquq və azadlıqlarının qorunması Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. H.Hüseynova bildirmişdir ki, görülən tədbirlər nəticəsində Azərbaycanda ana və uşaq ölümünün, uşaqlara qarşı zorakılıq və erkən nikahların səviyyəsi aşağı düşmüşdür. 2010-cu ildə ölkədə “Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir”.
Komitə sədri Azərbaycandakı iqtisadi inkişafdan danışaraq demişdir ki, son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfə artmış, yoxsulluq 6, işsizliyin səviyyəsi isə 5, 2 faizə enmişdir. İqtisadiyyatın dirçəldilməsi isə insan hüquqlarının möhkəmləndirilməsinə təkan olmuşdur.
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Onların arasında minlərlə uşaq və qadın vardır ki, zorakılığa məruz qalmış və hüquqları kobud şəkildə pozulmuşdur.
Konfrans işini davam etdirir.