AŞPA komitəsinin iclasında Azərbaycanla bağlı məruzə müzakirə olunacaq

Posted by

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsinin iclasında iştirak etmək üçün martın 6-dan 7-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “İşgəncələrə qarşı komitənin 25 illiyi: uğurlar və atılacaq addımlar”, “İnsan Hüquqları üzrə Avropa Konvensiyası: irəliyə doğru uğurlar və çağırışlar” adlı məruzələr dinləniləcək, Avropada müvəqqəti saxlanma məntəqələrinin vəziyyəti, müxtəlif məsələlər üzrə yeni məruzəçilərin təyin olunması ilə bağlı və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Komitədə “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı addımlar?” adlı məruzə müzakirə olunacaq. Bu məsələ ilə bağlı məruzəçinin Bakıya son faktaraşdırıcı səfəri haqqında hesabatı təqdim olunacaq.

 

Deputatlar qeyd olunan məsələlərə münasibətlərini bildirəcəklər.

 

Vüsal Hüseynov, habelə Beynəlxalq Antikorrupsiya Akademiyasının idarə heyətinin növbəti iclasında iştirak etmək üçün martın 7-dən 9-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

 

AZƏRTAC