Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Posted by

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. N.İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: “Devid Harrisin hər səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir”.

Öz növbəsində, qonaqpərvərliyə görə təşəkkür edən Amerika Yəhudi Komitəsinin icraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris bildirib ki, bu, 2008-ci ildən bəri Bakıya artıq dördüncü səfəridir, belə səfərlərin davamlı olacağınaq inanır. Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.

D.Harris amerikalı olaraq bir çox sahələrdə ABŞ-ın siyasətini dəstəkləyən rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib: “Düşünürük ki, bu, yalnız iki ölkə arasında əlaqələrə deyil, eyni zamanda, regional təhlükəsizliyə öz töhfəsini verir”.

Dövlət Komitəsinin sədri N.İbrahimov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini vurğulayıb. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən N.İbrahimov bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb. O, son zamanlar Fransadakı yəhudi icması ilə əməkdaşlıqdan da danışıb. Sədr deyib ki, bu əməkdaşlığın nəticəsi olaraq Fransa yəhudiləri tərəfindən Azərbaycanda yaşayan yəhudilərin həyatından film çəkilib və yaxın günlərdə filmin təqdimatı olacaq.

Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin icraçı direktoru D.Harrisin rəhbərliyi ilə 11 nəfərlik nümayəndə heyəti martın 1-dən Bakıda səfərdədir. Səfər çərçivəsində onlar prezident İlham Əliyev, İsrailin və ABŞ-ın Azərbaycandakı səfirləri, həmçinin bir sıra rəsmi şəxslərlə görüşlər keçiriblər.

 

Trend.az