AMEA prezidentindən yeni tələb: akademiyada yeni müəssisələr yaradılsın
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bölmələr qarşısında akademiyada kiçik müəssisələrin yaradılması tələbini qoyub.
Trend-in məlumatına görə, A.Әlizadə bu tələbini Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Elmi Şurasının ümumi iclasında çıxış edərkən acıqlayıb.
Onun sözlərinə görə, AMEA-da ən azı 3-4, bəlkə də daha artıq sayda kiçik müəssisələr yaradılmalıdır: “Bunu həm Yer Elmləri Bölməsindən, həm də başqa bölmələrdən xahiş edirəm. Həm də bunu bir tələb kimi ortaya qoymuşam ki, AMEA-da ən azı 3-4, bəlkə də daha artıq sayda kiçik müəssisələr yaradılmalıdır. Akademiyada elmi nailiyyətlər kifayət qədər var. Amma onun innovasiyada, təcrübədə yerini görmürəm”.
A.Әlizadə deyib ki, AMEA-nın Yer Elmləri Bölməsi çoxprofilli, geniş miqyasda işlər aparmalıdır: “Bu dəqiqə resept vermək çətindir, amma mövzular təhlil olunmalıdır. Bizdə neft elminə aid olan o qədər elmi işlər var ki! Ancaq onlar heç yerdə qəbul olunmur, baxılmır. Bu istiqamət AMEA-da gözəl inkişaf edib. Gəlin, bir kiçik müəssisə yaradaq. Orada innovativ elmi həm elmi ictimaiyyətə, həm də ARDNŞ-yə göstərək”.
AMEA prezidenti qeyd edib ki, alimlər çox kiçik əhəmiyyətli elmi-tədqiqat işləri aparmalı deyillər. Onlar regional əhəmiyyətli, geniş miqyasda olan işlər aparmalıdırlar.
Trend.az