Şahin Mustafayev UNİDO-nun baş katibi ilə görüşüb

Posted by

Şahin Mustafayev UNİDO-nun baş katibi ilə görüşüb Şahin Mustafayev UNİDO-nun baş katibi ilə görüşüb

Şahin Mustafayev UNİDO-nun baş katibi ilə görüşüb

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş katibi Li Yonqla görüşüb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan sənayesi, bu sahədə ölkəmizin əldə etdiyi uğurlar barədə məlumat verib, sənayenin Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

 

“Hazırda qeyri-neft sənayesinin diversifikasiyası, Azərbaycanda sənaye parklarının və məhəllələrinin yaradılması, rəqabətqabiliyyətli sənaye istehsalının daha da artırılması istiqamətində tədbirlər davam etdirilir”, – deyə Ş. Mustafayev bildirib.

 

Nazir qeyd edib ki, metallurgiya, tikinti materiallarının, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq ölkə sənayesinin prioritet istiqamətləridir. Bu baxımdan, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda sənayedə rəqabətqabiliyyətliliyin yüksəldilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialı və elmi təminatın gücləndirilməsi kimi tədbirlər nəzərdə tutulur. Sənaye sahəsində ixtisaslaşmış beynəlxalq qurum kimi UNIDO ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin sənaye potensialının daha geniş reallaşmasına öz töhfəsini verə bilər. Hazırda Azərbaycanın UNİDO ilə bir sıra layihələr həyata keçirdiyini qeyd edən Ş. Mustafayev əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib.

 

L. Yonq Azərbaycanın son illər böyük uğurlar əldə etdiyini və bu uğurların yüksək qiymətləndirildiyini bildirib. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsinin və bu çərçivədə Bakıda keçirilmiş Beynəlxalq Sənaye Konfransının sənaye ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayan L. Yonq Azərbaycanın sənaye potensialına və bu sahədə UNİDO ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

 

Görüşdə UNİDO ilə əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

 

Apa.az