ABŞ Azərbaycanda insan alveri və məcburi əməyin qarşısının alınması üçün maliyyə yardımı ayırıb

Posted by

ABŞ Azərbaycanda insan alveri və məcburi əməyin qarşısının alınması üçün maliyyə yardımı ayırıb

ABŞ Azərbaycanda insan alveri və məcburi əməyin qarşısının alınması üçün maliyyə yardımı ayırıb

ABŞ Azərbaycanda insan alveri və məcburi əməyin qarşısının alınması üçün maliyyə yardımı ayırıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı layihə əlaqələndiricisi Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq edəcəklər və bu mübarizəni dəstəkləyəcəklər.

 

Trend xəbər verir ki, bu məqsədilə bu gün Bakıda USAİD ilə ATƏT-in Bakı layihə əlaqələndiricisi arasında bəyannamə imzalanıb.

 

Bəyannaməni ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski imzalayıblar.

 

D.Hoqan deyib ki, bu bəyannamə Azərbaycandakı tərəfdaşların USAİD vasitəsilə insan alveri ilə mübarizə səylərinə yardım göstərməkdə qərarlı olduğunu göstərir: “ABŞ hökuməti Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti daxil olmaqla, digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişləndirəcək”.

 

ATƏT-in Bakı layihə əlaqələndiricisi A.Şahtaxtinski isə qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan hökumətinin insan alveri ilə mübarizə sahəsində səylərinə verilən dəstəyi əhəmiyyətli dərəcədə artıracaq: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən bu layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub. 21-ci əsrdə müasir köləliyin bu formasının mövcud olmaması üçün səylərimizi birləşdirmək çox vacibdir. Biz yalnız bu qlobal problemin qarşısının hər yerdə səmərəli şəkildə alına biləcəyi təqdirdə uğur qazana bilərik. Buna görə ATƏT, ABŞ hökuməti və Azərbaycan Respublikasının birgə çalışması çox vacibdir”.

 

Bəyannaməyə əsasən, USAİD insan alveri və məcburi əməyin qarşısının alınması, eləcə də bu hallarla mübarizədə səmərəliliyin artırılması məqsədilə ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinin layihəsinə dəstək məqsədilə 610 min dollar məbləğində texniki və maliyyə yardımı göstərəcək. Görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, insan alveri və məcburi əməyin qadın, kişi və uşaq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə yardımı göstərməkdir. Bundan əlavə, sənəd “dəyirmi masa”ların təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə əmək istismarı da daxil olmaqla, insan alverinin bütün formalarının qarşısının alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı genişləndirməyə imkan verəcək.

 

Trend.az