AŞ PA üzvlərinə Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verildi
Bu gün AŞ PA-nın Bosniya və Herseqovinadan olan üzvü xanım Miliça Markoviç və AŞ PA-da Bosniya və Herseqovina nümayəndə heyətinin katibi xanım Sevda Valjevciç Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadovla görüşüblər.
Komitədən Trend-ə verilən məlumata görə, G.Fərhadov xəritə üzərində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və yaranma səbəbləri, bu münaqişə nəticəsində bir milyondan çox soydaşımızın Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, onların ağır sosial durumu və Azərbaycan dövlətinin bu sahədə gördüyü tədbirlər barədə hərtərəfli məlumat verib.
O, münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar aparılması ilə bağlı Azərbaycan tərəfinin konstruktiv səylərinə baxmayaraq, Ermənistanın müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırdığını qeyd edib, işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin, mədəniyyət və incəsənət əsərlərinin, təbii sərvətlərin ermənilər tərəfindən məhv edilməsindən və mənimsənilməsindən söhbət açıb.
Azərbaycanın münaqişənin sülh yolla həllinə səy göstərməsinə diqqət çəkən komitənin sədr müavini bunun dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb, işğal altındakı Azərbaycan ərazilərinin tezliklə azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Ermənistan tərəfinin saya salmadığını qeyd edib.
O bildirib ki, bu gün soydaşlarımız üçün hərtərəfli şərait yaradılmasına baxmayaraq, onların bir arzu, istəkləri var: doğma torpaqlara qayıtmaq.
G.Fərhadov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 82 müasir qəsəbə salınıb, 180 mindən çox soydaşımız yeni evlərə köçürülüb, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib, müvafiq infrastruktur yaradılıb.
Dövlət Komitəsi sədrinin müavini əlavə edib ki, hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hərtərəfli, dolğun məlumata görə minnətdarlıqlarını ifadə edən qonaqlar bu cür səfər və görüşlərin əhəmiyyətindən söz açaraq bildiriblər ki, bu səfər istər regionun geosiyasi vəziyyətinə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə və onun həlli yollarına dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaradıb.
Görüşdə qonaqları maraqlandıran suallara da hərtərəfli cavab verilib.
Sonra qonaqlar Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olublar. Məhəllə ilə tanış olan parlament üzvlərinin diqqətinə çatdırılıb ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib.
Qonaqlar Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq ediliblər.
Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qonaq məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəblə də tanış olublar. Məlumat verilib ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilib.