Azərbaycan deputatları AŞ PA-nın toplantılarında iştirak edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞ PA-nın toplantılarında iştirak etmək üçün avqustun 31-dən Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AŞ PA-nın Büro iclasında Türkiyə və Makedoniyada prezident seçkilərinin nəticələri, habelə bir sıra təşkilati məsələlər müzakirə olunacaq.
Monitorinq komitəsində həmməruzəçilərin bu ilin may ayında Bakıya səfərlərinin yekunları, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ukraynadakı son hadisələr, Türkiyə, Monako və Makedoniya ilə monitorinq sonrası dialoq barədə məsələlərə baxılacaq.
Siyasi işlər və demokratiya komitəsinın yığıncağında Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Qırğızıstan və Mərakeş parlamentlərinin qurumun demokratiya üzrə tərəfdaşları kimi fəaliyyətlərinin dəyərləndirilməsi, Belarusda cari durum, millətçilik, ksenofobiya təzahürləri ilə mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 7-də başa çatacaq.
Trend.az