Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir

Posted by

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləmişdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə birgə əməliyyat-taktiki təlimdə nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxemi barədə məlumat verdi.

Sonra dövlətimizin başçısına Azərbaycan Ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olundu.

Hazırda respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən nizami ordularından biri formalaşdırılmışdır. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır. Ordumuzun təchizatında böyük uğurlara nail olunmuşdur. Azərbaycan hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləyir. Ölkəmizin dövlət büdcəsində ən böyük xərclər orduya sərf edilir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur. Bu zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, hərbi xərclər ümumi büdcəmizdə bundan sonra da üstünlük təşkil edəcəkdir.

Azərbaycanda son illərdə müdafiə sənayesi də əsaslı inkişaf yolu keçmişdir. Gələcəkdə yerli istehsalın daha da genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Artıq ölkəmiz güclü hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və ildən-ilə respublikamızın ixrac imkanları artır. Ölkəmiz həm xaricdən ən müasir hərbi texnikalar alır, həm də yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir.

Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışlarına başlandı.

Dövlətimizin başçısı əvvəlcə Hərbi Hava Qüvvələrimizin yeni silahlarından olan “Buk-MB” zenit-raket kompleksinin atış prosesini izlədi.

Bu kompleks orta mənzilli zenit-raket sistemlərinə aiddir, hərəkətli qoşun qruplaşmalarını, mühüm hərbi və mülki obyektləri, yaxud belə obyektlər qrupunu hava zərbələrindən müdafiə etmək üçün təyin edilmişdir. Həmin qurğu düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində, hündürlük və sürətin geniş diapazonlarında pilotlu və pilotsuz hava hücumu vasitələrini, o cümlədən ballistik raketləri məhv etmək imkanına malikdir.

Sonra Ali Baş Komandan İlham Əliyev artilleriya sistemlərinin nümunəvi atışlarına baxdı.

Atışlara 82 millimetrlik “2B-24” minaatan, 120 millimetrlik daşınan “SANİ” minaatan və 152 millimetrlik “Msta-S” özüyeriyən haubitsa batareyaları cəlb edilmişdi.

Ali Baş Komandan İlham Əliyev sonra 306 millimetrlik “Exstra” yüksək dəqiqlikli raket kompleksinin atışını da izlədi.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin start mövqeyi onun üçün təyin edilmiş hədəfdən 42 kilometr uzaqlıqda yerləşir. Qurğunun maksimal atış məsafəsi 150 kilometrdir.

Ali Baş Komandana “Spike” tank əleyhinə idarəolunan raket kompleksinin imkanları da nümayiş etdirildi.

“BMP-3” piyadaların döyüş maşını və “T-90” tanklarından təşkil edilmiş iki zirehli qrupun nümunəvi atışı da son illərdə Azərbaycanda ordu quruculuğu ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin daha bir əyani nümunəsi oldu.

Sonra Ali Baş Komandan İlham Əliyev növbəti təlim nöqtəsində mina sahəsindən partlayış üsulu ilə keçidin açılması prosesini izlədi. Qeyd edək ki, hücum əməliyyatlarında həmlə edən canlı qüvvə və döyüş texnikasının minalanmış sahədən tez və itkisiz keçidinin təmin olunması üçün partlayış üsulu ilə keçidaçma ən səmərəli üsuldur. Təlim zamanı nümayiş etdirilən “POMİNS-2” keçidaçma qurğusu piyada əleyhinə minalanmış sahələrdən keçidlərin açılması üçün nəzərdə tutulmuş müasir mühəndis-silahlanma vasitəsidir.

Yeni silah sistemlərinin nümunəvi atışları başa çatdıqdan sonra birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi başlandı.

Ali Baş Komandan birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi çərçivəsində əvvəlcə sərhəd zastavasının silahlı basqını dəf etməsi, çevik hərəkət bölüyünün sərhədi gücləndirməsi, Silahlı Qüvvələrin birləşmə və hissələrinin sərhədi ötmə məqsədilə müdafiəyə keçməsini əks etdirən birinci epizodu izlədi.

Birgə əməliyyat-taktiki təlimin ikinci epizodunda Daxili Qoşunların desant əleyhinə ehtiyata təyin edilmiş bölməsinin düşmənin taktiki hava desantını təcrid edərək onun məhv etməsi prosesi təqdim olundu.

Birgə təlimin üçüncü epizodunda genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi və düşmən qüvvələrinin darmadağın edilməsi əksini tapdı. Əks-hücum əməliyyatında əvvəlcə artilleriya birləşməsi və hissələri hücum əməliyyatının artilleriya hazırlığı dövründə atəş basqını həyata keçirdi. Artilleriya hazırlığı başa çatdıqdan sonra növbə aviasiya zərbələrinə çatdı. Aviasiya zərbələrini “MiQ-29” qırıcı-bombardmançı, “SU-25” hücum təyyarələri və “Mi-24” döyüş helikopterləri yerinə yetirdi. Düşmənə endirilən aviasiya zərbələri nəticəsində onun dərinlikdəki canlı qüvvəsi və döyüş texnikası məhv edilir, artilleriyası susdurulur və idarəetmə məntəqələri sıradan çıxarılır.

Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi.

Təlimlərdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Təlimlərdə qarşıya bir sıra məqsədlər qoyuldu və tam yerinə yetirildi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi təlimin başlıca hədəflərindən biri idi. Dövlət sərhədinin mühafizəsi, ərazi müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşma fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş fəaliyyətinin sinxronlaşdırılması da təlimlərdə diqqət mərkəzində idi. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə döyüş fəaliyyətinin gedişində qoşunların əlaqələndirilmiş şəkildə idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətinin məşqinə də xüsusi diqqət yetirildi.

İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

 

 

AzərTac.az