Mədəniyyət və turizm naziri Xırdalanda vətəndaşları qəbul edib
Azərbaycan Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu qəbildən vətəndaşlarla növbəti görüşü iyunun 24-də Xırdalan şəhərində keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Mədəniyyət mərkəzində keçirilən qəbula Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından 30-a yaxın vətəndaş yazılmışdı.
Öncəki qəbullarda olduğu kimi, bu dəfə də xahiş və təkliflər əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin açılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi və s. məsələlərlə bağlı idi. Sumqayıt şəhərində turizmin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, Abşeron rayonunda dövlət teatrının yaradılması barədə təşəbbüslər, eləcə də işlə təminat və digər sosial yönlü məsələlərlə bağlı xahişlər də diqqətə çatdırıldı.
Ə.Qarayev mətbuata açıqlamasında əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd etdi, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlığının təqdirəlayiq olduğunu dedi: “Bugünkü qəbulda abidələrlə, onların bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Biz bu təşəbbüsləri yüksək qiymətləndiririk”.
Bütün xahiş və təkliflərin diqqətlə nəzərdən keçiriləcəyini deyən nazir mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, incəsənət məktəblərində təhsilin təşkili ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirdi: “Burada qaldırılan bəzi məsələlər nazirlik olaraq bizi də narahat edir. Məsələn, musiqi və incəsənət məktəblərində tədrisin ikinci növbəyə düşməsi həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır ki, bu da kompleks yanaşma ilə həll olunmalıdır”.
Qəbuldan sonra Ə.Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirildi.
Trend.az