Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxış edib

Posted by

Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxış edib

“Azərbaycanda bütün fundamental azadlıqlara riayət olunur”

Azərbaycan prezidenti İlham Əliyev AŞPA-da çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir, ölkədə islahatlar aparılır:

 

“Bu islahatlar 90-cı illərin ortalarından başlayıb, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra. Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv formada idarə etməsi və bütün bunlar çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Biz öz istəyimizlə bu təşkilatın üzvü olmaq istəyirdik və bununla ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının bu üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən bu öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiyalar fəaliyyət göstərir. KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internet və senzuranın olmaması şəraitində biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlıqları da tam şəkildə təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir.

 

Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, sadəcə biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq. Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə bizim cəmiyyətimizdə müsbət bir abı-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da bizim əsas uğurlarımızdan biridir.

 

Bizim cəmiyyətimiz multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Bu, əsrlər boyu belə olub. Multikultiralizm də bizim üçün prioritet təşkil edən məsələlərdəndir. Biz Avropa Şurasındakı sədrliyimiz dövründə fəaliyyətimizi bu məsələnin üzərində də cəmləşdirəcəyik”.

 

Apa.az