İslam Əməkdaşlıq Təşkilatının Rəhbər Komitəsinin ilk iclası çərçivəsində bir sıra görüşlər keçirilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra görüşlər keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə müavini səfir Hameed A.Opeloyeru ilə görüşündə nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması, iri iqtisadi layihələrin reallaşdırılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, İƏT ilə Azərbaycan arasında əməkdaşlığın arzuolunan səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması ilə bağlı İƏT və üzv dövlətlər tərəfindən dəfələrlə nümayiş olunan birmənalı və qətiyyətli mövqe dünyada ədalətin, sülh və əmin-amanlığın təmin olunmasına yönələn mühüm addımlardır”.
S.Müslümov Təşkilat çərçivəsində, bir sıra sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də artıq genişlənən əməkdaşlıq əlaqələrinin üzv dövlətlərin hər biri üçün xüsusi önəm kəsb etdiyini bildirib.
H.A.Opeloyeru Azərbaycana növbəti səfərində də ölkənin sürəti inkişafının şahidi olduğunu ifadə edib, Azərbaycanın İƏT çərçivəsində konkret fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirib. Görüşdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Müslümovla Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Ziyad Əlsaiq arasında keçirilən görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əmək, məşğulluq və sosial müdafiə sistemləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əməkçi miqrantlar üzrə dolğun məlumatlar diqqətə çatdırılıb.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) departament rəhbərinin müavini Kamran Fənnizadə ilə görüşündə isə S.Müslümov Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan islahatlarda BƏT-in mütərəqqi dəyərləri ifadə edən prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib. Nazir işsizliyin kəskin şəkildə azaldılması, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində ölkədə aparılan məqsədyönlü siyasət barədə məlumat verib.
K.Fənnizadə Azərbaycanın əmək və məşğulluq məsələlərinin həllində əldə etdiyi uğurlu təcrübənin digər bir çox ölkələr üçün yaxşı nümunə olduğunu, hazırda İƏT çərçivəsində əmək və məşğulluq üzrə əməkdaşlıq istiqamətlərinin BƏT-in prinsipləri ilə də uzlaşdığını vurğulayıb. Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan məsələlər nəzərdən keçirilib.
Trend/az