Azərbaycanda 75 nəfər əlil olan şəxsi istirahətə göndərildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, nazirlik tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq, bu gün daha 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb.
Bununla da son bir ayda ƏƏSMN tərəfindən ölkənin istirahət zonalarında mənalı istirahəti təşkil edilən əlilliyi olan şəxslərin sayı artıq 300 nəfərə yaxındır. ƏƏSMN üzrə müvafiq əmrlə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi nəzərdə tutulur.
Əlilliyi olan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil olunur. Belə ki, istirahət zamanı maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. keçirilir. Bununla yanaşı, əlilliyi olan şəxslər fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.
Trend.az