Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələdə olmuşlar

Posted by

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələdə olmuşlar

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələdə olmuşlar

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələdə olmuşlar

Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşall və digər qonaqlar iyunun 1-də Qəbələ rayonunda olmuşlar.

Qonaqlar əvvəlcə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, kompleksin inşasının birinci mərhələsi bu ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bildirilmişdir ki, bu kompleks Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində indiyədək kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə “Qolf resort” idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək yolundan beşində inşaat işləri başa çatdırılmışdır. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Artıq bu mövsümdə kompleksə gələn turistlər kanat xətlərində gəzir, xizəklə sürüşür və iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da istifadəyə verilmişdir. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı turistlərə ilin bütün fəsillərində xidmət göstərəcəkdir.

Diqqətə çatdırılmışdır ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin özlərinə uyğun trassa sistemini seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır.

Sonra qonaqlar “Riverside” kanat xəttinin aşağı stansiyasında olmuş, orada yaradılmış şəraitlə maraqlanmışlar. Məlumat verilmişdir ki, burada turistlərin istirahəti üçün hər cür şərait yaradılmış, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulmuşdur. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.

“Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksindən zəngin təəssüratlarla ayrılan qonaqlar Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 1200 yerlik Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir. Üçmərtəbəli Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayında başlanılmış və ötən ilin iyulunda sona çatdırılmışdır.

Qonaqlar binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olmuşlar. Bildirilmişdir ki, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər-konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır.

Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Ərazidə istirahət üçün yerlər, terraslar da yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündən keçən çayın üzərində körpü tikilmişdir.

Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə tanış olmuşlar. Qonaqların diqqətinə çatdırılmışdır ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir.

Bildirilmişdir ki, 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası meydana çıxmış və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılmışdır. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur.

Qonaqlar fabrikdə istehsal prosesinə baxmışlar. Qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.

Səfər çərçivəsində qonaqlar Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində də olmuşlar. Diqqətə çatdırılmışdır ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap məhsulları diqqəti xüsusilə cəlb edir. Muzeydə 13 ekspozisiya zalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası vardır.

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələ atıcılıq klubunda da olmuşlar. Bildirilmişdir ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan klubun inzibati binasında qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılmışdır.

Qonaqlar uçan hədəflərə bir neçə sərrast atəş açdılar.

Qeyd edilmişdir ki, klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya Oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Klubun ərazisində Olimpiya yarışlarında bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Dairəvi və səngər stend atıcılığı meydançalarının və tirlərin avadanlığı Fransadan və İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir.

Qəbələ rayonunun müasir infrastrukturu ilə yaxından maraqlanan qonaqlar daha sonra “Qafqaz Karvansaray” hotel kompleksi ilə tanış olmuşlar.

Diqqətə çatdırılmışdır ki, dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Kompleks 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla ümumilikdə 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, türk, buxar hamamları, SPA, trenajor, bilyard və tennis zalları, sauna və masaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Oteldə fontan quraşdırılmış, ətrafda istirahət üçün yerlər yaradılmışdır.

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələnin böyük infrastruktura malik olduğunu qeyd etmiş, turizm sektoru üçün əlverişli təbii məkanda yerləşən rayonun buraya gələn turistlərdə geniş marağa səbəb olacağını bildirmişlər. Onlar Qəbələdəki dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasından məmnunluqlarını ifadə etmişlər.

 

AzərTac.az