Romada 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir
Roma şəhərindəki “The Westin Excelsior Rome” mehmanxanasında Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir.
Ziyafətdə İtaliya parlamentinin üzvləri, Nazirlər Şurasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının, biznes dairələrinin, elm-tədqiqat və təhsil ocaqlarının, yerli mətbuat orqanlarının, Romadakı diplomatik korpusun nümayəndələri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Vaqif Sadıqov Azərbaycanın milli bayramı – Respublika Gününün tarixindən, XX əsrin sonunda müstəqilliyini yenidən bərpa etmiş ölkəmizdə siyasi və sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlardan və quruculuq işlərindən söhbət açmışdır. Doxsan altı il əvvəl müsəlman Şərqində ilk müstəqil respublikanın yaradılmasını tarixi hadisə adlandıran V.Sadıqov diqqətə çatdırmışdır ki, 23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən parlaq səhifələrini yazmış, böyük nailiyyətlər əldə etmişdir.
Səfir bildirmişdir ki, Böyük İpək Yolunun üzərində yerləşən, xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazda sürətlə inkişaf edən və beynəlxalq arenada önəmli yeri olan lider ölkəyə çevrilmişdir. Bütün tarixi dövrlərdə Azərbaycan ilə Avropa arasında yüksək səviyyəli əlaqələr mövcud olmuşdur. Azərbaycanda demokratik inkişaf, qanunun aliliyi, yüksək səviyyəli idarəçilik, insan haqları sahəsində çox böyük irəliləyişlərə nail olunmuşdur.
Azərbaycan-İtaliya münasibətlərindən danışan V.Sadıqov vurğulamışdır ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr inkişaf edir. Xeyli sayda İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərirlər və bu əlaqələr hər il genişlənir. Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik (TAP) boru kəməri layihəsinin icrası ilə bu əlaqələr yeni səviyyəyə yüksələcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir qonaqların diqqətinə çatdırmışdır ki, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində soydaşlarımıza qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti və Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən müvafiq qərar və sənədlər əsasında həllinin tərəfdarıdır.
V.Sadıqov bildirmişdir ki, son illər İtaliyada Azərbaycanın mədəni irsinin təbliği və ölkələrimiz arasında humanitar sahədə əlaqələrin gücləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. Bu münasibətlərin möhkəmləndirilməsi baxımından Heydər Əliyev Fondunun İtaliyada keçirdiyi tədbirlər xüsusilə qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 23 ildə əlaqələrimizin dinamik inkişaf etdiyini, gələcəkdə də dostluq və qarşılıqlı hörmət əsasında davam edəcəyini göstərir.
Azərbaycan xalq musiqisinin sədaları altında ölkəmizin turizm imkanlarını və mədəniyyətini əks etdirən təbliğat çarxlarının nümayiş olunduğu tədbirdə qonaqlara Azərbaycan ilə bağlı kitablar, broşürlər və disklər paylanmışdır.
AzərTac.az