Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışılmışdır
Mayın 29-da Milli Məclisin sədr müavini Valeh Ələsgərov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, V.Ələsgərov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı səfərlərin və parlamentlərin sıx əməkdaşlığının münasibətlərimizin yeni mərhələyə çıxmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Azərbaycanda iqtisadi, ictimai-siyasi sahədə həyata keçirilən islahat haqqında qonaqlara məlumat verən Milli Məclisin sədr müavini Böyük Britaniya şirkətlərinin respublikamızdakı uğurlu fəaliyyətinə toxunmuş, ölkələrimiz arasında neft-qaz sahəsində də yüksək səviyyədə əməkdaşlığın olduğunu demişdir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edən V.Ələsgərov bildirmişdir ki, bu layihələr Avropa ölkələrinin enerji mənbələrinə çıxışını şaxələndirəcəkdir. İnşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu isə regional nəqliyyat şəbəkəsini daha da inkişaf etdirəcəkdir. Bu cür nəhəng layihələr Azərbaycan ilə yanaşı, qonşu ölkələrin də inkişafına töhfə verəcəkdir.
Qarşılıqlı əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlərarası münasibətlərdə də uğurla inkişaf etdiyini deyən V.Ələsgərov qonaqlara Azərbaycanın son illərdə qazandığı uğurlar, ölkədə mövcud olan tolerant mühit, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer ölkəmizə səfər etməkdən məmnunluğunu bildirərək, səfərin əsas məqsədinin siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına töhfə verməkdən ibarət olduğunu demişdir. K.Pinçer Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunu vurğulamış, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün görüləcək işlərdən bəhs etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTac.az