Bakının rayonlarının və bələdiyyələrinin əraziləri yenidən dəqiqləşdiriləcək
2015-cı ilin sonuna kimi Bakı şəhərindəki rayonların və bələdiyyələrin ərazilərinin yenidən dəqiqləşdirilməsi və onların xəritəsinin çəkilməsi nəzərdə tutulub. Bunu Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Bakıda bələdiyyələrin sərhədlərinin müəyyən edilməsini vacib sayan deputat bildirib ki, bu məsələ dəfələrlə Regional məsələlər komitəsində qaldırılıb: “Bakı şəhərində bələdiyyələrin sərhədləri hələ də dəqiq məlum deyil. Bu da onu zəruri edir ki, bu məsələlər tezliklə həll olunsun. 2015-ci ilin sonuna kimi bu məsələlərin öz həllini tapacağı gözlənilir”.
T.Rzayev qeyd edib ki, bununla yanaşı, Bakı şəhərinin ərazisində yerləşən Abşeron torpaqları və ya Abşeron rayonunun ərazisində yerləşən Bakı torpaqlarının inzibatı tabelik məsələsinə aydınlıq gətirilməlidir. Çünki bu, həmin ərazilərdə yaşayan əhali üçün də çətinliklər yaradır: “Bakının Sabuncu və Xəzər rayonlarında Abşeronun torpaqları var. Ancaq bu ərazi Abşerona aid olduğundan orada yaşayanlar Abşeron rayon sakini sayılırlar. Abşeron rayon sakini hər hansı bir kağız almaqdan ötrü gərək 30-40 km yol qət edib Abşeron rayonuna getsin. Bu da çətinliklər yaradır”.
Onun sözlərinə görə, sovet dövründə Abşeron Bakının aqrar rayonu olub. Orada heyvandarlıq fermaları olub, zeytunçuluq, zəfərançılıq, bağçılıq təsərrüfatı olub: “Bunlar əvvəl hamısı Abşeron rayonuna aid olub, amma Sabuncu rayonunun ərazisində, eləcə də digər ərazilərdə yerləşiblər. Ancaq onlar Abşeron rayonundan bir xeyli uzaqdırlar. Əlbəttə ki, bunların tabelilik məsələsinə müəyyən qaydada bir aydınlıq gətirilməlidir”.
Trend.az