Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı olaraq martın 7-də nazirlikdə keçirilən seminarda Fransanın Əlilliyi olan şəxslərlə bağlı departamentinin direktor müavini Yannik Deimat və Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyinin Əlillik və əmək qabiliyyətinin qiymətləndirilməsi üzrə ofisinin rəhbəri Zdislavas Skvarcianiy əlilliyin müəyyən olunması və reabilitasiya sahəsində ölkələrinin təcrübələri barədə məlumat veriblər. Seminarda “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin rezident müşaviri Kristian Moutier də iştirak edib.
Seminarda nazirliyin əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən əməkdaşları Fransa və Litvada müvafiq sahədə aparılan siyasət, mövcud qanunvericilik, tibbi-sosial ekspertiza xidməti, tibbi-sosial reabilitasiya sistemi barədə geniş məlumatlandırılıb, onların sualları cavablandırılıb.
Tədbir zamanı Azərbaycanda əlilliyin müəyyən olunması meyarlarının qiymətləndirilməsi və beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı ekspert tövsiyələri də verilib.
Trend.az