Azərbaycan və FAO arasında ekoloji təmiz kənd təsərrüfatının inkişafına dair saziş imzalayıb
Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması Layihəsi»nın icrasına dair saziş imzalanıb.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların aparılması, mövcud qanunvericiliyin və institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və sertifikatlaşdırma sisteminin təşkil edilməsindən ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində orqanik kənd təsərrüfatı üzrə sənədləşmə mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin qorunmasına töhfə verəcək.
Apa.az