Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktubu Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır

Posted by

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktubu Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktubu Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır

Azərbaycanın BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar məktubu Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılmışdır

Xəbər verildiyi kimi, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Muna məktub göndərmişdir. Məktub martın 4-də BMT-nin rəsmi sənədi kimi yayılmışdır. AzərTAc məktubun mətnini təqdim edir.

 

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsinin baş katibin adına 2014-cü il 24 yanvar tarixli məktubu

 

 

 

Məlumdur ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında davamlı silahlı münaqişə 1987-ci ilin axırlarında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə açıq iddialarından başlanmışdır. Bu iddialar azərbaycanlılara hücumların başlanmasına və onların həm muxtar vilayətdən, həm də Ermənistanın özündən qovulmasına səbəb olmuşdur. 200 mindən çox azərbaycanlının Ermənistandakı evlərindən məcburi deportasiyası qətllər, işgəncələr və digər cinayətlərlə müşayiət olunmuşdur. Bu, açıq şəkildə təsdiq edir ki, bu, separatçıların əsassız və qanunsuz tələbləri lap əvvəldən beynəlxalq birliyi yanıltmaq üçün səmərəsiz cəhdlər göstərən erməni təbliğatının iddia etdiyi kimi, “dinc məqsədlər” olmamış, Azərbaycanın ərazilərinin zorla ələ keçirilməsinə və orada vahid tərkibli etnik zonaların yaradılmasına yönəlmişdi.

1991-ci ilin axırı – 1992-ci ilin əvvəllərində Sovet İttifaqının hər iki keçmiş respublikası müstəqillik əldə etdikdən sonra Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başladı. Nəticədə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu və ətraf 7 rayon Ermənistan tərəfindən işğal olundu. Həmin dövrü Dağlıq Qarabağ regionunda və onun hüdudlarından kənarda dinc azərbaycanlılara hücumların miqyasının, intensivliyinin və tezliyinin artması ilə xarakterizə olunur. Bu müharibə zamanı minlərlə insan qətlə yetirilmiş və yaralanmış, yüz minlərlə insan qaçqına və məcburi köçkünə çevrilmişdir.

İyirmi iki il əvvəl Azərbaycanın Xocalı şəhəri sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutulmuşdur. Münaqişəyə qədər Dağlıq Qarabağ regionunun bu şəhərində 7 min adam yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər erməni silahlıları tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı güclü top atəşinə tutulduqdan sonra müxtəlif istiqamətlərdən şəhərə hücum başlandı.

Erməni silahlı qüvvələrinin keçmiş Sovet Sosialist Respublikaları İttifaqının 366-cı qvardiya motoatıcı alayının bilavasitə iştirakı ilə şəhərə hücumu və onun ələ keçirilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar məhv edildi; minlərlə dinc sakin yaralandı və girov götürüldü, şəhər yer üzündən silindi.

Ermənistan Respublikası hökumətini və ona tabe olan, beynəlxalq hüquqa görə onun cavabdeh olduğu qüvvələrin münaqişə zamanı, o cümlədən Xocalıda baş verənlərə, beynəlxalq humanitar hüquq normalarının və insan hüquqları sahəsində beynəlxalq standartların ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıması barədə nəticə çıxarmaq üçün yetərincə əsas vardır. Müharibə aparılması qaydalarının Ermənistan tərəfindən pozulması, məsələn, hər cür hücumları, o cümlədən dinc vətəndaşların qətlə yetirilməsini, girov götürülməsini və saxlanılmasını, habelə hərbi əsirlər və girovlarla amansız rəftar olunmasını və onların kütləvi qətllərini ehtiva edir. Xocalıda baş verənlər münaqişə zamanı ən iri kütləvi qətliam olmuşdur.

Təhlükəsizlik Şurası Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul olunmuş müvafiq qətnamələrində beynəlxalq humanitar hüquq normalarının pozulmasını, o cümlədən Azərbaycanda mülki şəxslərin xeyli hissəsinin yerdəyişməsini, dinc vətəndaşlara hücumları və yaşayış yerlərinin atəşə tutulmasını konkret göstərmişdir. Avropa İnsan Haqları Məhkəməsi müstəqil mənbələrdən alınmış məlumatlara istinadla qeyd etmişdir ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı şəhərə hücum edən erməni qüvvələri işğal edilmiş şəhərdən qaçmağa cəhd göstərən yüzlərlə dinc etnik azərbaycanlını qətlə yetirmiş, yaralamış və girov götürmüşlər. Məhkəmə Xocalıda törədilən vəhşilikləri “hərbi cinayətlərə və ya bəşəriyyət əleyhinə cinayətlərə bərabər olan xüsusi ağır əməllər kimi qiymətləndirmişdir” (2010-cu il 22 aprel tarixli qərar, maddə 87).

“Hyuman rayts votç/Helsinki” təşkilatı və “Memorial” hüquq müdafiə mərkəzi öz təhqiqatlarının nəticələrinə əsaslanaraq mülki şəxslərin qətlinə görə erməni qüvvələrinin birbaşa məsuliyyət daşıdıqlarını bildirmişlər (materiallarla www.hrw.org/news/1997/03/23/response-armenian-governmentletter-townkhojaly-nagorno-karabakh və http://www.memo.ru/hr/hotpoints/karabah/Hojaly/index.htm) saytında tanış ola bilərsiniz).

Həqiqətən də Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının törətdiyi müharibənin səbəb və nəticələrinə verilən ümumi qiymət və Xocalıda faciəli hadisələrin bütün mövcud olan dəlilləri birmənalı şəkildə sübut edir ki, azərbaycanlıların yaşadıqları bu şəhərdə törədilmiş cinayətlər əlahiddə və ya təsadüfi bir hadisə olmamış, Ermənistanın məqsədyönlü, geniş miqyaslı və sistemli mənfur siyasətinin və praktikasının tərkib hissəsi olmuşdur. Bu siyasətin əsasında irqi üstünlük, etnik parçalama, nifrət və ərazi qəsbkarlığı kimi çirkin ideyalar durur. Xocalıda mülki şəxslərin qəsdən öldürülməsindən məqsəd yalnız onların azərbaycanlı olduqlarına görə, kütləvi surətdə məhv edilməsi olmuşdur.

Azərbaycanda aparılmış rəsmi təhqiqat zamanı müəyyən edilmişdir ki, Xocalıda mülki şəxslərə qarşı hücumlarda soyqırımın beynəlxalq hüquqda verilmiş tərifinə görə, bu cinayətin aşağıdakı elementləri olmuşdur: qətl və ağır bədən, yaxud əqli pozğunluq xəsarətlərinin yetirilməsindən ibarət actus reus; cinayət əməli törədənlərin cinayətkar hərəkətlərinin yönəldildiyi müdafiə olunan qrupun mövcudluğu; irqi, etnik, milli, yaxud dini əlamətə görə, hər hansı bir qrupun tamamilə, yaxud qismən məhv edilməsini nəzərdə tutan konkret soyqırımı törətmək niyyəti. Xocalıda törədilmiş cinayət barəsində təhqiqatın nəticələrindən göründüyü kimi, aşağıdakı elementlər soyqırımı ittihamını təsdiq edir: hər hansı bir qrupu tamamilə, yaxud qismən məhv etmək niyyətinin birmənalı və inandırıcı sübutu; Xocalıda törədilmiş qırğın faktının bütövlükdə göstərilən qrup üçün ağır nəticələr verməsi üçün kifayət qədər “genişmiqyaslı” olması; cinayətin konkret coğrafi rayon çərçivəsində törədilməsi.

Yaxşı məlumdur ki, Ermənistanın həm indiki, həm də keçmiş prezidentləri – Serj Sarkisyan və Robert Koçaryan bu dövlətin bir çox digər yüksək vəzifəli siyasətçiləri və hərbçiləri Azərbaycanın işğal olunmuş ərazisində Ermənistanın qurduğu separatçı rejimin liderləri ilə birlikdə Azərbaycan torpaqlarının ələ keçirilməsində, Azərbaycanın mülki şəxslərinə və hərbi əsirlərinə divan tutulmasında şəxsən iştirak etmişlər. Tamamilə aydındır ki, onların törətdikləri cinayətlərin miqyasını və ağırlığını nəzərə alaraq rəsmi və ya siyasi statusundan asılı olmayaraq, məsuliyyət daşıyan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Münaqişə zamanı törədilmiş cinayətlərdə təqsirləndirilənlərin Ermənistanda indiyədək cəzasız qalması, o cümlədən hərbi cinayətkarların mədh edilməsi, onlara milli qəhrəman statusunun verilməsi münaqişənin nizama salınmasında irəliləyiş əldə edilməsinə mane olur. Buna görə də cəzasızlığa qarşı mübarizə təkcə cinayətlərə görə məsuliyyət daşıyanları məhkəmə məsuliyyətinə cəlb etmək və onları ədalət mühakiməsinə vermək üçün deyil, həm də davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün vacibdir. Tamamilə aydındır ki, əgər Ermənistan Respublikası cinayətkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün zəruri addımlar atmaq istəmirsə, beynəlxalq birlik münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa son qoymaq üçün daha fəal rol oynamalıdır. Əminik ki, milli və beynəlxalq səviyyələrdə görülən ardıcıl tədbirlər, habelə mövcud beynəlxalq-hüquqi baza günahkarların məhkəməyə verilməsinə imkan yaradacaqdır.

Bu məktubun gündəliyin 34, 38, 65, 67, 69, 77, 85 və 86-cı bəndləri üzrə Baş Assambleyanın sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına görə Sizə minnətdarlığımı bildirirəm.

 

AzərTac.az