Bakıda POS-terminalların sayı niyə azalıb?
Azalma əsasən Bakı şəhərində qeydə alınıb, regionlarda isə POS-terminalların sayı artıb
Mərkəzi Bankın statistik məlumatına əsasən, 2013-cü ildə Azərbaycanda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 3575 ədəd və ya 9,7% azalaraq 36860-dan 33285-ə düşüb.
Anspress yazır ki, azalma əsasən Bakı şəhərində qeydə alınıb. Regionlarda isə POS-terminalların sayı artıb. Mütəxəssislər hesab edirlər ki, POS-terminalların sayının azalması onlardan istifadə səviyyəsinin aşağı olması ilə bağlıdır. Yəni bu cihazı quraşdıran bank ondan istifadə olunmadığını gördükdə, POS-terminala əlavə xərc çəkmək istəmir. Nəticədə onların sayı azalır. Vətəndaşların kartla ödənişə maraq göstərməməsi əsasən məlumatsızlıqla bağlanır. Çünki insanların çoxu kartdan sadəcə pulu bankomatdan çıxarmaq üçün istifadə edir. Halbuki əgər siz 100 manatı bankomatdan çıxararkən ən azı bir manat xidmət haqqı ödəyirsizsə, birbaşa kartla ödəniş edəndə bu bir manat sizə qalır. Bu vəsaitlər üst-üstə yığıldıqda isə böyük məbləğə çevrilir. Üstəlik, nağd pul itirilə, oğurlana bilər. Kartın itirilməsi isə hələ pulun itməsi demək deyil. Kartınız oğurlanarsa, siz onun fəaliyyətini dayandıra, bununla hesabınızdakı pulu qoruya bilərsiz.
Milli.Az