Azay Quliyev ATƏT PA-nın sessiyasında iştirak etmək üçün Vyanaya səfər edib
ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Vyanada keçiriləcək qış sessiyasında iştirak etmək Avstriya paytaxtına səfər edib.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, sessiyada “Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri”, “Ukraynada siyasi vəziyyət” mövzuları ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir.
Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcək.
Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Bundan başqa, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin “2014-cü il üçün aralıq hesabatı” təqdim ediləcək. Hesabatda regiondakı bir çox məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti öz əksini tapıb.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü A.Quliyev hesabatla bağlı çıxış edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək və təkliflərini səsləndirəcək.
Baş Komitənin məruzəçisinin ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda keçiriləcək 23-cü illik sessiyası ilə bağlı təqdimatı olacaq.
Səfər fevralın 15-dək davam edəcək.
Trend.az