Dumanın komitə sədri: “Əminəm ki, Azərbaycan rəhbərliyi inteqrasiya blokunun seçilməsində düzgün qərar qəbul edəcək”
“Azərbaycan çox yaxşı inkişaf xəttinə malik, enerji asılılığı olmayan, çiçəklənən dövlətdir. Biz çox yaxşı bilirik ki, buna nail olmaq çətin idi. Baxmayaraq ki, Azərbaycanın bir milyon qaçqını var, bu ölkə uğurlu iqtisadi siyasəti yürüdür”.
Bunu APA-nın Strasburqa ezam olunmuş müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski deyib.
Azərbaycanın Gömrük İttifaqına qoşulmasının mümkünlüyü ilə bağlı sualın cavabında L. Slutski bildirib ki, Azərbaycanın Avropa və ya Avrasiya inkişaf yolunu seçməsi ölkə rəhbərliyi tərəfindən qəbul olunacaq qərardan asılıdır: “Gömrük İttifaqına daxil olmaq məsələsi prezident İlham Əliyevin verəcəyi qərardan asılıdır. Əminəm ki, Azərbaycan rəhbərliyi inteqrasiya blokunun seçilməsində düzgün qərar qəbul edəcək”.
Rusiyada miqrantlarla bağlı yaranmış vəziyyəti şərh edən L. Slutksinin sözlərinə görə, bu, postsovet məkanında ən çox müzakirə olunan məsələdir: “Biz bununla bağlı Azərbaycanın müvafiq qurumları, Milli Məclisin deputatları, Azərbaycanın Rusiyadakı səfirliyi ilə işlər aparırıq. Biz bütün məsələlərin həlli istiqamətində birlikdə hərəkət edəcəyik”.
Apa.az