Avropa İttifaqı Şurasının sədri Evangelos Venizelos: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır
ATƏT-ə üzv və Avropa İttifaqı Şurasına sədrlik edən ölkə kimi Yunanıstan Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və münaqişə tərəfləri üçün məqbul həllinə nail olmaq məqsədilə göstərdiyi səyləri tamamilə dəstəkləyir. Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, münaqişələrin sülh yolu ilə həlli Yunanıstanın xarici siyasətinin fundamental prinsipidir və bu, həmçinin bir Avropa prinsipidir: “Bu, o deməkdir ki, münaqişələr beynəlxalq hüquq və milli suverenlik prinsipləri çərçivəsində həll olunmalıdır”.
Yunanıstanın xarici işlər nazirinin sözlərinə görə, Avropa İttifaqının da Dağlıq Qarabağ məsələsinin həllində xüsusi marağı var və bu maraq Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsinin təyin olunmasında özünü göstərdi: “Bu konteksdə Avropa İttifaqının xüsusi nümayəndəsi münaqişənin həllində irəliləyişə nail omaq üçün əlverişli mühitin yaradılması və gərginliyin aradan qaldırılması istiqamətində ATƏT-in Minsk qrupuna dəstək rolunda çıxış edə bilər”.
E.Venizelos bildirib ki, Yunanıstan həm ATƏT, həm də Aİ çərçivəsində münaqişələrin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyən qərəzsiz vasitəçi rolunu oynayır.