Əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan MDB məkanında lider mövqeyə yüksəlib.
Müəllif Hüquqları Agentliyindən cümə axşamı Trend-ə bildiriblər ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda 2013-2014-cü ilin hesabatına əsasən, əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan MDB məkanında şərhsiz lider mövqeyindədir: ölkəmiz 69-cu yeri tutaraq, Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir.
Ümumiyyətlə, son illərin hesabatlarına (2010-2011, 2011-2012, 2012-2013, 2013-2014) əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.
Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə əsasən, Azərbaycan 51-ci yeri tutaraq MDB dövlətləri arasında da birincidir.
Müəllif Hüquqları Agentliyindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan MDB məkanında lider mövqeyə yüksəlib
Posted by