Azərbaycanda xaricdə təhsillə məşğul olan qurumlar xüsusi razılıq almalı olacaqlar
Təhsil Nazirliyi xaricdə təhsil üzrə vasitəçilik fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə dair təkliflər hazırlayacaq. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bu, təhsil naziri Mikayıl Cabbarovun Prezident Administrasiyası rəhbərinin 04.06.2015-ci il tarixli 44 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xarici ölkələrdəki aşağı reytinqli ali təhsil müəssisələrinə Azərbaycan gənclərinin qəbulunun tənzimlənməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təşkili barədə verdiyi əmrdə qeyd edilir.
Bununla yanaşı, Azərbaycanın qoşulduğu Lissabon Konvensiyasının (ali təhsil sənədlərinin nostrifikasiyası haqqında) ratifikasiya şərtləri Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və hazırda yaranmış vəziyyətin tələblərinə uyğunlaşdırılacaq.
Həmçinin, xarici ölkələrdə alınmış elmi dərəcə və elmi adlarla bağlı müxtəlif sənədlərin qarşılıqlı tanınması məqsədilə beynəlxalq müqavilələrin ekspertizası və müvafiq qərarların qəbul edilməsi üçün təkliflər hazırlanacaq.
Qeyd edilən məsələlərlə bağlı təkliflər bu il ərzində hazırlanacaq.
Trend.az