Dubay Əmirliyi Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır
Yanvarın 29-da Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti, Baş naziri, müdafiə naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Raşid Əl Məktumun xanımı Şahzadə Haya bint Əl Hüseyn ilə görüşüb.
P.İsmayılzadə baş konsulluğun Dubay Əmirliyindəki fəaliyyəti, onun bütün dövlət qurumları ilə yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb.
Şahzadə Haya bint əl Hüseyn Bakıya son səfərindən məmnun qaldığını, təqribən dörd il əvvəl də paytaxtımızda olduğunu, ötən dövrdə şəhərin çox sürətlə inkişaf etdiyini söyləyib.
P.İsmayılzadə Azərbaycan ilə Dubay Əmirliyi arasında əlaqələrin bütün müstəvilərdə daha da inkişaf etməsi üçün hər zaman səy göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Şahzadə Haya bint Əl Hüseyn Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşün onda dərin təəssüratlar yaratdığını bildirib.
Baş konsul bu il ərzində Dubay Baş Polis Komandanlığının və Dubay Gömrüyünün nümayəndələrinin Azərbaycana səfərlərinin nəzərdə tutulduğunu qeyd edib.
Şahzadə Haya bint Əl Hüseyn Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib, gələcəkdə bu istiqamətdə bütün lazımı dəstəyin göstəriləcəyini vurğulayıb.
AzərTac.az