İrina Bokova: Azərbaycan YUNESKO-nun inkişafına nəhəng töhfə verir
Azərbaycan YUNESKO-ya daxil olduğu andan təşkilatın fəal üzvüdür. Trend xəbər verir ki, bu barədə YUNESKO-nun baş direktoru İrina Bokovanın cümə axşamı Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin ənənəvi 5-ci iclasının iştirakçılarına məktubunda deyilir.
YUNESKO nümayəndəsi Genc Seitinin oxuduğu məktubda bildirilir ki, Azərbaycanın milli komissiyasının fəaliyyəti sayəsində ölkə YUNESKO-nun dünyada mədəni irsin saxlanması və mühafizəsinə həsr edilmiş bir çox layihələrində getdikcə daha fəal iştirak edir.
Bokova qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri və təşəbbüsləri sayəsində dünyada mədəni irsin saxlanması və mühafizəsi sahəsində ölkənin təşkilatla əməkdaşlığı daha böyük inkişaf əldə edib.
Məktubda deyildiyi kimi, Azərbaycan dünyada qeyri-maddi irsin saxlanması üzərində də fəal səy göstərir və bu sahədə müxtəlif layihələr həyata keçirir. Ölkə misli-bərabəri olmayan qeyri-maddi irsə malikdir və onların nümunələri YUNESKO-nun Qeyri-maddi irs siyahısına daxil edilib.
Baş direktor Azərbaycanın YUNESKO ilə birgə həyata keçirdiyi bütün təşəbbüslərin, fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin ənənəvi 5-ci iclası keçirilir.
18-19 dekabr 2014-ci il tarixlərində təşkil edilən iclas YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub.
İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.
Tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa”nın keçirilməsi planlaşdırılır.
İclasda Azərbaycan hökumətinin nümayəndələri, YUNESKO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, YUNESKO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və YUNESKO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslərin və mütəxəssislərin iştirakı nəzərdə tutulub.
Trend.az