Dövlət müşaviri ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə görüşüb

Posted by

Dövlət müşaviri ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə görüşüb

Dövlət müşaviri ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə görüşüb

 

 

Dövlət müşaviri ATƏT-in Bakı layihə əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüşüb.

 

AzərTAc xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına verdiyi müsahibədə toxunduğu Azərbaycan multikulturalizmi, ölkəmizdəki tolerantlıq ənənələri, son zamanlar islam dünyasında baş verən prosesləri dəyərləndirərkən söylədiyi fikirlər, eləcə də dünyada baş verən soyqırımı cinayətlərinin öyrənilməsi və tanıdılması, yaxın gələcəkdə ATƏT-in Bakı nümayəndəliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə həyata keçirəcəyi layihələr haqqında fikir mübadiləsi aparılıb.

 

Səfir A.Şaxtaxtinski ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisinin yerli qurumlarla birgə ötən ay Azərbaycanda keçirdiyi “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciətini yüksək dəyərləndirib və bu tədbirə göstərdiyi həssas münasibətə görə dövlət başçısına minnətdarlığını bildirib. Diplomat deyib ki, konfransa dəvət olunmuş xarici qonaqlar ölkədəki ümumi vəziyyətdən çox razı qaldıqlarını bildiriblər. Səfir, həmçinin ATƏT-in bu gün dünyada etnik, dini və digər zəmində baş verən hadisələrin qarşısının alınması, ayrı-ayrı ölkələrin təhsil sistemlərində soyqırımı cinayətlərinin tədrisi praktikasının öyrənilməsi, ksenofobiya, antisemitizm, islamofobiya kimi qorxulu hərəkatlarla bağlı maarifləndirmə işinin gücləndirilməsindəki fəaliyyəti haqqında məlumat verib.

 

Dövlət müşaviri Kamal Abdullayev bu gün dünyada baş verən qorxunc tendensiyaların tarixi köklərinin öyrənilməsi, onlara qarşı preventiv tədbirlərin görülməsi, ölkəmizdə olan tolerant və multikultural mühitin qorunub saxlanılması, antisemitizm, islamofobiya kimi təhlükəli axınların Azərbaycana ayaq açmasını əngəlləmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas fəaliyyətinin insanları maarifləndirmək olduğunu diqqətə çatdırıb. O, ölkəmizin və bir sıra xarici dövlətlərin universitetlərinin növbəti təqvim ilindən tədrisinə başlayacaqları “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin məhz bu sahədə insanlara, xüsusilə gənc nəslə xidmət edəcəyini söyləyib.

 

Söhbət zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib və gələcək birgə layihələrin icrası ilə bağlı daha sıx əlaqələrin vacib olduğu bildirilib.

 

AzərTac.az