Yüksək səviyyəli beynəlxalq Bakı konfransı başa çatmışdır

Posted by

Yüksək səviyyəli beynəlxalq Bakı konfransı başa çatmışdırYüksək səviyyəli beynəlxalq Bakı konfransı başa çatmışdır

Yüksək səviyyəli beynəlxalq Bakı konfransı başa çatmışdır

“Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq Bakı konfransı iyulun 1-də başa çatmışdır.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olmuşlar.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara məlumat vermişdir ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan kompleksin ətrafında yeni park salınmış, fəvvarələr quraşdırılmışdır.

Bildirilmişdir ki, 100 və 250 nəfərlik konfrans zallarında müxtəlif treninqlər, seminarlar və beynəlxalq tədbirlər, mətbuat konfransları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə görüşlər, “dəyirmi masa”lar, maarifləndirici tədbirlər və təqdimatlar keçirilir. Burada əməliyyatların idarə edilməsi mərkəzi də yaradılmışdır. Mərkəzdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanaraq həyata keçirilən əməliyyat tədbirlərinin birbaşa rejimdə idarə edilməsi mümkündür.

Qonaqlara məlumat verilmişdir ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilmişdir. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.

Konfrans iştirakçıları korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıq, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış olmuşlar. Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər quraşdırılmışdır. Bundan əlavə, binada vətəndaşların qəbul otağı yaradılmış müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat köşkü qoyulmuşdur. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmışdır.

Qonaqlar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istifadəsində olan xüsusi avtomobillərə də baxmışlar. Qeyd olunmuşdur ki, xüsusi avadanlıqla təchiz edilən kriminalistik avtomobillərdə istintaq və əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.

Binada yaradılmış şəraitlə tanışlıqdan sonra “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın bağlanış mərasimi olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasının ötən il sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açıldığını bildirmişdir. Zakir Qaralov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaradılarkən qarşıda bu qurumun normal funksional fəaliyyəti üçün müasir binanın inşası vəzifəsinin durduğunu demişdir. Bu baxımdan bir çox ölkənin, o cümlədən Sinqapurun, Honqkonqun, Malayziyanın təcrübəsinin öyrənildiyini, ciddi layihələndirmə işlərinin aparıldığını vurğulayan baş prokuror binanın yüksək səviyyədə inşa edilərək istifadəyə verildiyini diqqətə çatdırmışdır.

Zakir Qaralov bu binanın hakimlər, prokurorluq işçiləri, dövlət qurumlarının və korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri üçün artıq müzakirə meydanına çevrildiyini vurğulamışdır.

Avropa Şurasının İnsan Hüquqları və Hüquq Məsələləri Baş İdarəsinin baş direktoru Filip Boya Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması çərçivəsində təşkil edilən konfransın yüksək səviyyədə keçirildiyini bildirmişdir.

F.Boya Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı nitqində ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi müddətində mövqeyini açıq bəyan etdiyini demişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti nitqində bu bəşəri bəlanın tamamilə aradan qaldırılması üçün səmərəli mübarizənin aparılması ilə bağlı çağırış etmiş, bu məsələnin ölkəmizin prioritetlərindən biri olduğunu və ona qarşı milli səviyyədə gərgin mübarizənin aparıldığını bəyan etmişdir.

Biz ikigünlük konfransda milli səviyyədə təcrübələrimizi bölüşdük, – deyən F.Boya müzakirələrə Avropa Şurası sərhədlərindən kənarda yerləşən ölkələrdən də nümayəndələrin qatılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bu konfransın korrupsiyaya qarşı mübarizəyə böyük töhfə verəcəyinə əminliyini bildirən baş direktor yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü çatdırmışdır.

Baş prokuror Zakir Qaralov ikigünlük konfransın işini yekunlaşdırdığını elan edərək tədbir çərçivəsində səsləndirilən çıxışlarda və aparılan müzakirələrdə korrupsiyanın demokratik dəyərləri sarsıdaraq davamlı inkişafa və hüququn aliliyinə xələl gətirməsi, cəmiyyətin sabitliyi və təhlükəsizliyi üçün doğurduğu problemlərdən narahatlığın ifadə olunduğunu, bununla yanaşı, antikorrupsiya qanunvericiliyinin tətbiqi, korrupsiyaya qarşı mübarizə sahəsində qazanılmış müsbət nailiyyətlərin paylaşıldığını diqqətə çatdırmışdır. Baş prokuror dünyanın müxtəlif ölkələrini və korrupsiyaya qarşı mübarizə sahəsində ayrı-ayrı qurumları təmsil edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi baxımından da konfransın əhəmiyyətini xüsusi vurğulamışdır. Bir daha əmin olduq ki, korrupsiyanın qarşısının səmərəli surətdə alınması və ona qarşı mübarizə aparılması üçün çoxşaxəli yanaşma zəruridir və bu sahədə beynəlxalq əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Konfransda səslənən məruzələrin və çıxışların vahid nəşrdə toplanması haqqında qərar qəbul olunduğunu da diqqətə çatdıran baş prokuror demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev inkişaf etmiş ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübənin öyrənilməsini dövlətimizin beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu bildirmişdir.

Zakir Qaralov konfrans zamanı qazanılan müsbət təcrübənin, biliklərin, səsləndirilmiş təkliflərin və konfransın nəticələrinin ölkələrimizdə korrupsiyaya qarşı mübarizə işinə təkan verəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.

Daha sonra konfransın yekunları ilə bağlı mətbuat konfransı olmuşdur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov tədbirdə müzakirə olunan məsələlərdən danışmış, mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar.

 

AzərTac.az