Yetkinlik yaşına çatmayanlar maarifləndirilir

Posted by

Yetkinlik yaşına çatmayanlar maarifləndirilirYetkinlik yaşına çatmayanlar maarifləndirilir

Yetkinlik yaşına çatmayanlar maarifləndirilir

Dekabrın 17-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib.

 

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan ADİU-nun prorektoru, dosent Səadət Qəndilova tədbirin məqsədini və müzakirə ediləcək mövzuları elan edib.

 

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu” mövzusunda məruzə ilə çıxış edərək tolerantlığın Azərbaycanın milli- mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələ olduğunu iştirakçıların nəzərinə çatdırıb. Sonra H.Eyvazov ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” və ”Yetkinlik yaşına çatmayanların və gənclərin cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi sahəsində daxili işlər orqanlarının rolu” mövzuları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli “Narkotiklər haqqında nə bilirik?” mövzusunda çıxış edib.

 

Məruzə və çıxışlarda göstərilən sahələrdə hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Mövzular ətrafında Azərbaycan Dövlət İqtisad Universitetinin prorektorları-Səadət Qəndilova və Əziz Əzizov, Səbail RPİ-nin aidiyyəti xidmət əməkdaşları da çıxış ediblər. Daha sonra geniş diskussiya aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb, ölkəmizdə yetkinlik yaşına çatmayanların və gənclərin maarifləndirmə işi ilə bağlı analoji tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

 

Sonda tədbir iştirakçılarına müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirilib, həmçinin, broşura, jurnal və kitablar paylanılıb.

 

Trend.az