Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar

Posted by

Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar

Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar

Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 20-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hazırda işğal altındakı ərazilərimizdən narkotik vasitələrin daşınması, narkotik bitkilərin becərilməsi, eləcə də transmilli cinayətkarlıq üçün nəzarət edilməyən zona kimi istifadə olunur.

Baş nazirin müavini Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir. Vurğulanmışdır ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmamışdır.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Müstəqilliyimizin ilk illərində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün beynəlxalq humanitar yardımların, kreditlərin, eləcə də Yaponiyanın texniki əməkdaşlıq və qrant layihələrinin əhəmiyyətindən bəhs edən Baş nazirin müavini demişdir ki, bu gün Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir. Dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmış, 180 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Baş nazirin müavini bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün humanitar proqramlar da həyata keçirilir.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çətin bir dövr yaşamasına baxmayaraq, enerji ehtiyatlarından səmərəli istifadə edilməsi nəticəsində sürətli iqtisadi inkişafa nail olunduğunu söyləmişdir.

Səfir qeyd etmişdir ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq fəaliyyət göstərməsi ilə siyasi sahədə də son zamanlar güclənməkdədir.

Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu, öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.

Səfir Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

 

AzərTac.az