Vladimir Doroxin: 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və hər şey kökündən yaxşılığa doğru dəyişdi

Posted by

Vladimir Doroxin: 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və hər şey kökündən yaxşılığa doğru dəyişdi

 

Vladimir Doroxin: 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və hər şey kökündən yaxşılığa doğru dəyişdi

Vladimir Doroxin: 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı və hər şey kökündən yaxşılığa doğru dəyişdi

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dmitriyeviç Doroxin “Rusiyanın səsi” radiosuna verdiyi müsahibədə qeyd etmişdir ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Səfir demişdir: “Başlanğıc çox çətin oldu: müstəqilliyin ilk illərində Bakıda Xalq Cəbhəsi hökuməti hakimiyyətdə idi. O, Moskvaya qarşı düşmənçilik mövqeyi tutmuşdu, lakin 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər şey kökündən və yaxşılığa doğru dəyişdi. İndi ölkələrimiz arasında tam qarşılıqlı anlaşma mövcuddur, bir-birinin uğurlarına maraq vardır, ticarət daim genişlənir. Biz müxtəlif sahələrdə sıx əməkdaşlıq edirik, burada böyük rusdilli icma firavan yaşayır”.

Qeyd edək ki, səfir fevralın 10-da Rusiyada qeyd olunan Diplomatiya İşçisi Günü ilə əlaqədar “Rusiyanın səsi” radiosu ilə çıxış etmişdir. V.D.Doroxinin sözlərinə görə, dünya ölkələrinin bütün diplomatik xidmətləri kimi, Rusiyanın da diplomatiya işçiləri qarşısında klassik məqsəd və vəzifələr durur. Bu, xaricdə öz ölkəsinin maraqlarının realizə olunması üzərində işləməkdir. Rusiyanın maraqları nədən ibarətdir? Rusiyalıların daha yaxşı yaşaması, onların təhlükəsizliyinin və rifahının təmin olunması üçün şərait yaratmaqdan. Özü də Rusiya bunu başqa dövlətlərin mənafeyi hesabına etmir, öz mənafeyini başqalarına ziyan vurmadan qoruyur. Rusiya səfiri demişdir: “Biz bərabərhüquqlu əməkdaşlığın bir-birinə hörmət və mənafe tarazlığı zəminində qurulmasına tərəfdarıq. Bu, heç də həmişə asan olmur. Bəzi ölkələr Rusiyanın hesabına fəaliyyət göstərmək, öz mənafeyini Rusiyanın hesabına qorumaq istəyir, lakin biz öz yolumuzdan geri çəkilmirik və tutduğumuz bu yol artıq öz bəhrəsini verir”.

V.D.Doroxin qeyd etmişdir ki, 90-cı illərdə Sovet İttifaqının dağılması şok yaratmışdı, artıq müstəqil dövlətlər olmuş keçmiş müttəfiq respublikalarla işi necə quracağımızı bilmirdik. Diplomatik iş üçün lazımi vasitələr yox idi, üstəlik psixoloji əngəl də vardı: insanlar MDB ölkələrində işləmək istəmirdilər, orada işləməkdən qorxurdular. O demişdir: “Lakin xoşbəxtlikdən hər şey tədricən dəyişdi. Həyat bizə öyrətdi ki, Rusiya üçün MDB ən başlıca məsələdir. Viktor Stepanoviç Çernomırdin kimi böyük siyasi fiqurun Kiyevə səfir vəzifəsinə təyin edilməsi yaxşı əlamət oldu. Bu, onu göstərirdi ki, keçmiş müttəfiq respublikalarla, bilavasitə qonşularımızla münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəxtimdən şikayətlənə bilmərəm, tale mənə müxtəlif ölkələrdə və müxtəlif sahələrdə işləməyi nəsib etmişdir, MDB istiqamətində işləməyim təsadüfi oldu, lakin Bakıda tutduğum vəzifə mənim həyatımda ən mühüm və ən məsul vəzifədir. Biz keçmiş sovet ölkələri tarixən bir-birimizə elə qaynayıb-qarışmışıq ki, münasibətlərimizdə baş verən hadisələr həmişə bilavasitə milyonlarla insana təsir göstərir. Biz, keçmiş sovet məkanında işləyən diplomatlar bunu hər gün hiss edir, duyuruq”.

Azərbaycanda rus dilinə münasibətdən danışan səfir qeyd etmişdir ki, “Bakını başqa dövlətlərə nümunə göstərmək olar”. Diplomat demişdir: “Ümumiyyətlə, Rusiyanın öz narahat cənub sərhədlərində məhz belə tərəfdaşa malik olması çox əhəmiyyətlidir. Biz Azərbaycanın seçdiyi yeni tarixi yola, onun suverenliyinə və maraqlarına hörmətlə yanaşırıq. Azərbaycan da Rusiyaya münasibətdə məhz belə mövqe tutmuşdur. Bu, bazisdir. Bu bazis keçmişdə bizə yaxşı xidmət etmişdir, indi də yaxşı xidmət edir, ümidvaram ki, gələcəkdə də yaxşı xidmət edəcəkdir”.

 

AzərTAc.az