UNESCO-nun rəsmi fəaliyyətə başlamasından 68 il ötür

Posted by

UNESCO-nun rəsmi fəaliyyətə başlamasından 68 il ötürUNESCO-nun rəsmi fəaliyyətə başlamasından 68 il ötür

UNESCO-nun rəsmi fəaliyyətə başlamasından 68 il ötür

Noyabrın 4-ü BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı – UNESCO-nun rəsmi fəaliyyətə başladığı gündür.

UNESCO 1946-cı ildə 20 üzv dövlətlə rəsmi olaraq fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. Hazırda 200-ə yaxın dövlət, o cümlədən Azərbaycan UNESCO-nun üzvüdür. İndiyədək təşkilatla elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncamla UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. 2005-ci ildə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan-UNESCO əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyevanın ciddi səyləri nəticəsində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu dünya mədəni irs siyahısına daxil edilib. Aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alıb.

Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Azərbaycanda Beynəlxalq Muğam festivalları keçirilib. 2009-cu ildə birinci Beynəlxalq Muğam festivalının keçirilməsi münasibətilə UNESCO-nun o vaxtkı baş direktoru Koişiro Matsuura Azərbaycana səfər edib. Səfər çərçivəsində K.Matsuura Bakıda Müasir İncəsənət Muzeyinin açılış mərasimində və Novruz bayramı şənliklərində iştirak edib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurum ilə əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər. Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, “Leyli və Məcnun” operasının ilk tamaşasının, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Azərbaycanın gənc istedadları – Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru – “Azərbaycanın xoşməramlı mələkləri” də dəfələrlə UNESCO-nun iqamətgahında çıxış ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan bütün bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini nümayiş etdirməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından da böyük önəm kəsb edir.

UNESCO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilib.

2010-cu ilin iyulunda UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanda səfərdə olub, Qəbələdə İkinci Beynəlxalq Musiqi Festivalında iştirak edib, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya “Qızıl Motsart” medalı təqdim edib.

Azərbaycan-UNESCO əlaqələri ildən-ilə daha da genişlənir. 2011-ci ilin oktyabrında UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkilatın 36-cı sessiyası keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiya çərçivəsində “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda çıxış edib. 36-cı sessiyada Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib. Bu, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin bariz göstəricisidir.

2012-ci ilin oktyabrında isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə xoşməramlı səfirlərin dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunan illik toplantısında iştirak edib. Təsadüfi deyil ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.

 

AzərTac.az