UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Posted by

UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans keçirilibUNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Parisdə UNESCO-nun mənzil-qərargahında xarici ekspertlərin, ictimaiyyət və beynəlxalq QHT nümayəndələrinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin iştirakı ilə “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modellləri” adlı beynəlxalq konfrans keçirilib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransı təbrik nitqi ilə Azərbaycanın UNESCO-dakı Daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Türkiyənin UNESCO-dakı Daimi nümayəndəliyinin rəhbəri səfir Hüseyn Avni Botsalı açıblar. Onlar müasir dünyamızda mədəniyyətlərarası dialoqun təbliğinin və Azərbaycanın simasında dini tolerantlıq və birgə yaşayışın unikal modelinin təşviqinin əhəmiyyətindən danışıblar. Panellərdə işini davam etdirən konfransda ilk çıxış edən Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktoru Jan Mari Haydt Avropada multikulturalizm siyasətinin iflasını təəssüflə qeyd edərək, bugünkü konfransın yeni modellərin axtarışı üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

 

İslam Əməkdaşlıq Təşkilatının müşaviri, ATƏT sədrinin islamofobiya üzrə sabiq nümayəndəsi Ömür Orhun qeyd edib ki, əsl dialoqu dinlər arasında qarşılıqlı anlaşma və hörmətin mövcud olması şərtləndirir. Məhz bu cür mühitin mövcud olduğu ölkələr günümüzdə radikalizmlə mübarizədə uğur qazana bilirlər. Qərbi Trakya azlıqları Assosiasiyasının prezidenti Pərvin Çairula müasir Avropada dini kimlik amilindən və bu məsələyə Avropa strukturlarında və beynəlxalq təşkilatlardakı ikili yanaşmadan danışıb.

 

Konfransa dəstək verən “Sosial vəhdət uğrunda Avropa müsəlman təşəbbüsləri” beynəlxalq qeyri-hökumət təşkilatının icraçı direktoru, Danimarkadan olan ekspert Başarat Qureyşi Azərbaycanda dini tolerantlıq və dövlət-din modelinin unikallığını Avropa ictimaiyyətinin və beynəlxalq ekspertlərin diqqətinə çatdıran ikinci panelə moderatorluq edib. Panel iştirakçılarına söz verməzdən əvvəl o bildirib ki, Azərbaycan modelinin öyrənilməsi Avropada dialoq və tolerantlığa, həmçinin bu istiqamətdəki axtarışlara yeni nəfəs vermək baxımından önəmlidir.

 

Panelin ilk çıxışçısı DQİDK sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycanda həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib: “Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqının, onun milli xüsusiyyətlərinin və İslam dininin misilsiz tarixi rolu danılmazdır. Bu gün tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahlarla yanaşı, yəhudi və xristian məbədlərinin də bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. Bu iş Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə nəzarəti və diqqətindədir. Heç təsadüfi deyil ki, İlham Əliyev yüksək tribunalarda çıxışları zamanı həmişə qeyd edir: “Tolerantlıq Azərbaycanın vizit kartıdır”.

 

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan dövlətinin mövcud din siyasətindən danışaraq qeyd edib ki, bu siyasət Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanmasına və daha da möhkəmlənməsinə yönəlib. Məhz bu istiqamətdə atılan son addımlar, o cümlədən Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkə rəhbərliyinin iradəsinin ifadəsidir.

 

Milli Məclisin deputatı Yevda Abramov bir yəhudi və millət vəkili olmaqdan daha çox Azərbaycan vətəndaşı olması ilə fəxr etdiyini bildirib. O, çıxışını ümummilli lider Heydər Əliyevdən sitatla bitirib: “Azərbaycanda heç zaman antisemitizm olmayıb və bundan sonra da olmayacaq”.

 

Daha sonra konfransda Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, Bakı Pravoslav kilsəsinin katibi Mifodi Əfəndiyev, “Həyat sözü” dini icmasının sədri Rasim Xəlilov, Alban-Udi xristian icmasının sədri Robert Mobili Azərbaycanın gürcü yəhudiləri dini icmasının sədr müavini Moisey Bekker, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı Azərbaycanda mövcud dinlərarası münasibətlərdən, Azərbaycan xalqının tarixi ənənələrindən, həmçinin dövlət-din münasibətlərindən danışıblar.

 

Konfransda yekun nitqi ilə İngiltərinin Lankaster Universitetinin professoru Aristotel Kallis çıxış edərək bildirib ki, Azərbaycanın unikal tolerantlıq modelinin bundan sonra da Avropada təbliği son dərəcə vacib və əhəmiyyətli məsələdir.

 

Konfransdan sonra iştirakçılara Azərbaycan milli yeməklərindən ibarət ziyafət verilib.

 

Trend/az