UNİCEF: Azərbaycan hökuməti uşaq hüquqları ilə bağlı konvensiyaya böyük əhəmiyyət verir
“Azərbaycan hökuməti və cəmiyyəti uşaq hüquqları ilə bağlı konvensiyaya böyük əhəmiyyət verir”. Trend-in məlumatına görə, bu barədə UNİCEF-in Azərbaycan bürosunun rəhbəri Andro Şilakadze bu gün Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda bildirib.
Bu konvensiyanın yaranması tarixindən danışan A.Şilakadze qeyd edib ki, 1989-cu ildə bir neçə ölkə bir araya gələrək, uşaq hüquqlarının qorunmasını üzərlərinə götürməklə bağlı qərar qəbul etdilər və bu konvensiyanı hazırladılar: “Azərbaycan isə bu konvensiyanı 1992-ci ildə ratifikasiya edərək qəbul edib”.
Qurum nümayəndəsi Azərbaycanın hazırda keçid dövründə olduğunu vurğulayıb: “Növbəti 5-6 il ərzində Azərbaycan böyük gəlirlərə malik, inkişaf etmiş dövlət olduğunu bəyan edə bilər. Artıq ölkədə iqtisadi inkişafa nail olunduğunu özümüz də görürük. Səhiyyə, təhsil və digər sahələrdə xeyli irəliləyişlər əldə edilib”.
Azərbaycanda gender bərabərliyi sahəsində xeyli irəliləyişin olduğunu deyən büro rəhbəri qeyd edib ki, bununla belə əlillərlə bağlı bəzi problemlər var: “Əlillər bizim kimi eyni əsaslarla cəmiyyətdə hərəkət edə bilirlərmi? Bu qarşıda duran və həlli tələb olunan vacib sualdır. Məktəblərdə gender bərabərliyinin təmin olunması ilə bağlı mühüm nəticələr əldə edilir. Ancaq əlillərin cəmiyyətə inteqrasiyası məsələsində bir sıra problemlər hələ də qalmaqdadır”.
O, 1-6 yaş arasındakı uşaqların tərbiyəsinin və inkişafının xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb: “Bu yaş arası uşaqların təlim-tərbiyəsi, yaxşı qidalanması və inkişafı üçün maliyyə yardımının edilməsi vacib məsələdir. Xüsusilə də məktəbəqədər təhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması və diqqətin saxlanılması lazımdır”.
A.Şilakadze maraqlı təkliflərlə də çıxış edib: “Məktəb yaşına çatmağa bir il qalmış uşaqlara məcburi təhsil sistemi tətbiq olunsun. Bundan başqa, Azərbaycan parlamentində uşaq hüquqları ilə bağlı resurs mərkəzi yaradılsın. Bu mərkəz uşaq hüquqlarının qorunması və digər sahələrdə təkliflər, qanun layihələri hazırlasın”.
Trend.az