Uelsdə NATO sammiti öz işinə başlayır

Posted by

Uelsdə NATO sammiti öz işinə başlayırUelsdə NATO sammiti öz işinə başlayır

Uelsdə NATO sammiti öz işinə başlayır

Bu gün Uelsdə NATO-nun sammiti öz işinə başlayır.

Trend-in məlumatına görə, NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatılacağı ikigünlük sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək.

Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq.

Sammit Əfqanıstana dair iclasın keçirilməsi ilə başlayacaq. Belə ki, NATO bu il Əfqanıstanda hərbi missiyasını başa çatdırır. Dövlət başçıları ISAF missiyasının əldə etdiyi nailiyyətləri və NATO-nun 2014-cü ildən sonra da Əfqanıstana dəstəyini müzakirə edəcəklər.

BMT və Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərlə yanaşı, sammitə ISAF-da iştirak edən ölkələrin, Əfqanıstan və Yaponiyanın dövlət başçıları da qatılacaq.

NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 2002-ci il noyabrın 20-dən NATO-nun ISAF missiyasının Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak etməyə başlayıb. Həmin dövrdən etibarən Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentinin sayını dəfələrlə artırıb.

Hazırda ISAF əməliyyatlarında iştirak edən Azərbaycan Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətini davam etdirir.

NATO-nun sülhməramlı missiyası olan ISAF 2001-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə təsis olunub. Missiyanın məqsədləri Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təlim keçmək, ölkəyə əsas hökumət institutlarının bərpası yönündə yardım etmək və üsyançı qruplara qarşı mübarizə aparmaqdır.

 

Trend.az