Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq

Posted by

Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq

 

Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq

Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq

 

Bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın millət vəkilləri iştirak edib.

Komisssiyanın iclasında iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının roluna dair hesabat məruzəsi dinlənilib.

İclasda çıxış edən komissiyanın sədr müavini Sevinc Hüseynova bildirib ki, ötən ilin avqust ayında Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirilib. Həmin görüşdə qəbul olunan qərarlar da iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu mövzusunda hesabat məruzəsi layihəsinə daxil edilib.

TÜRKPA-nın baş katibi Jandos Asanov bildirib ki, türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq: “Ölkələr arasında nəqliyyat keçidlərinin artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi bütün türkdilli ölkələr arasında əlaqələri yaxınlaşdıracaq”.

Qırğızıstanın nümayəndə heyətinin üzvü Adbırahman Mamataliyev isə “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu”na dair mövzuda məruzəçi kimi çıxış edərək bildirib ki, bu mövzunun müzakirəsi çox ciddi məsələdir. O qeyd edib ki, Qırğızıstanda sərnişinlərin 95%-i avtomobillərlə daşınır və bunun qonşu ölkələrə heç bir maneəsi yoxdur.

TÜRKPA-nın Qazaxıstan nümayəndə heyətinin üzvü Sarsenbay Yensegenov isə bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin əsas önəm verdiyi məsələ türkdilli ölkələr arasında nəqliyyat və logistika infrastrukturunun genişlənməsidir. Onun sözlərinə görə, Qazaxıstan türkdilli ölkələrin Avropaya qədər açılmasına xüsusi önəm verir: “Dəniz yolunun inkişaf etdirilməsi bizim ölkələrimiz üçün çox önəmlidir. Bu, ölkələrimizin ticarətinin və iqtisadiyyatının Avropaya qədər açılması olacaq. Qazaxıstan TÜRKPA-nın bütün layihələrini dəstəkləyəcək”.

TÜRKPA-nın türkiyəli üzvü Mahmud Mücahid Fındıklı qeyd edib ki, son illər TÜRKPA ölkələri arasında iqtisadi əlaqələr daha da möhkəmlənib. Türk iş adamları arasında iş birliyi artıb: “Ölkələr arasında nəqliyyat vasitələrinin inkişafına addımlar atılmalı, investisiyaların həcmi artırılmalıdır. Nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək, sərhədlərdə olan ləngimələri və digər sahələrdə olan bürokratik əngəlləri də aradan qaldıracaq”.

Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərov isə bildirib ki, nəqliyyat məsələsi türk dünyasını birləşdirən ən mühüm məsələlərdən biridir. Belə ki, bu məsələnin həlli digər sahələrdə olan əməkdaşlığın da inkişafına təkan olacaq.

İclasın sonunda TÜRKPA-nın plenar iclasına çıxarılması üçün tövsiyə sənədi qəbul edilib. O cümlədən komissiyanın 4-cü iclasının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsinə dair razılıq əldə edilib.

 

Trend.az